IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb
Noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi olub.
Frame.az xəbər verir ki, festival Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına dair tədbirlər çərçivəsində keçirilib.
Festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzidir. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək veriblər.
Mərasimdə festivalın direktoru Fehruz Şamıyev çıxış edərək tədbir barədə məlumat verib. Qeyd edib ki, festival 35 yaşadək rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini nəzərdə tutub. Festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunub. Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət seçim komissiyasının qərarına əsasən, beynəlxalq və yerli müsabiqədə “Qızıl nar” uğrunda 30 ölkədən 100 film mübarizə aparıb. Onlardan 72-si beynəlxalq müsabiqənin proqramına daxil edilib. Qaliblər beynəlxalq münsiflər heyətinin üzvləri – Ayaz Salayev (Azərbaycan), Kambuzia Partovi (İran), Gülbara Tolomuşova (Qırğızıstan), Tobias Büxner (Almaniya), Zəhra Bədəlbəyli (Azərbaycan) tərəfindən qiymətləndiriliblər.
Diqqətə çatdırılıb ki, seçim komissiyası festivalın yerli müsabiqə bölməsinə 28 film daxil edib. Bu müsabiqədə qalibləri üç yerli mütəxəssis – Mirbala Səlimli, İlqar Fəhmi, Cavid Təvəkkülün daxil olduğu münsiflər heyəti seçib.
Sonra qaliblərin adları açıqlanıb. Beynəlxalq müsabiqənin “Qızıl nar” nominasiyası uğrunda “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” elan edilib. Onlar müvafiq olaraq türkiyəli rejissor Onur Yağızın “Topraq”, iranlı rejissor İman Behruzinin “Əsl məhəbbət”, almaniyalı rejissor Conatan Şvenqin “Daşqın”, türkiyəli rejissor Alican Durbaşın “Torpaq” filmidir.
Yerli müsabiqənin qalibləri isə “Ən yaxşı bədii film” üzrə Pərviz Gülməmmədovun “Oğul”, “Ən yaxşı sənədli film” üzrə Emil Əlinin “Adam”, “Ən yaxşı rejissor” üzrə Orxan Adıgözəlovun “Bir saniyə”, “Ən yaxşı ssenari” üzrə Fərid Kərimin “Sonar”, “Ən yaxşı operator” üzrə Elvin Əhmədoğlunun “Yaddaş” filmi seçilib.
Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb.