“Kapellhaus”da dahi Nizaminin “Yeddi gözəl”inə həsr edilən eyniadlı sərgi açılacaq
Dahi Azərbaycan şairi və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü münasibətilə “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində sərgi açılacaq.
Mərkəzdən Frame.az-a bildirilib ki, “Haft Paykar” (Yeddi gözəl) adlanan sərgiyə 18-30 yaş arası qadınlar iştirakçı qismində dəvət olunur. Yeddi seçilmiş iştirakçı mərkəzin Bakı komitəsi tərəfindən təyin olunacaq.
Layihə-sərgi onlayn və canlı formatda keçiriləcək. İştirakçılar Azərbaycan da daxil olmaqla Çin, Hindistan, Orta Asiya, Rusiya, Şimali Afrika, Türkiyə və Almaniyada yaşayan icma üzvləri arasından Nizaminin “Yeddi gözəl”inin meyarlarına uyğun olaraq təşkilatçılar tərəfindən seçiləcək. Seçilmiş yeddi iştirakçı sərhədlər yenidən açılandan sonra Bakıya dəvət ediləcək və “Kapellhaus”da müxtəlif rəngli yeddi pavilyonda “Yeddi gözəl” sərgisini həyata keçirəcək. Ziyarətçilərin də iştirakçı qismində sərgidə yer alması nəzərdə tutulub.
Seçilən hər 7 iştirakçıya hədiyyələr təqdim ediləcək. Bütün səyahət xərcləri “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qarşılanacaq.