Kapellhausda müasir incəsənət üzrə beynəlxalq qrup sərgisi açılır
Sərginin adı 1879-cu ildə Henrik İbsen tərəfindən yazılmış bir pyesdən götürülmüşdür. Dram əsəri həmin dövrdə Norveçdə öz bacarıqlarını göstərmək və reallaşdırmaq üçün çox az imkanları olan evli bir qadının taleyindən bəhs edir. Dünyada ən çox ifa edilən əsərlərdən birinə çevrilən bu parça öz dövründə teatr mühitindən kənara çıxdığı zaman qəzəb fırtınasına səbəb olmuşdur. İbsen ssenari seçimini, “qanunların kişilər tərəfindən təyin edildiyi, qadınların həyatları haqqında qərarları kişi hakimlər və prokurorlar tərəfindən verildiyi cəmiyyəti” təsvir etmək istəyi ilə əsaslandırıb. Bu gün dünyanın əksər bölgələrində qadınlar İbsenin yaşadığı dövrdəki qadınların çətinliklərini yaşamırlar. Cəmiyyət inkişaf etdikcə qadın və kişi arasındakı münasibətlər də inkişaf edir.
Kukla evi, bu münasibətləri geniş əhatə edən qrup sərgisidir. Sərgi həm də müasir sənətdə qadınların təmsilçilik məsələsinə həm tənqidi, istehza və həm də məzhəkə ilə yanaşır.
Andre Severonun Vestigio adlı işi, film pioneri sayılan və İbsenin müasiri olan, E. Maybridc tərəfindən 19-cu əsr gənc qadınların təsvirlərinin toplusundan ibarətdir; videoda qızların oynaq rəqsləri nə bir başlanğıcı, nə sonu, nə də bir ardıcıllığı olmayan, sanki ölüm və diriliş arasında bir keçid kimi qəbul edilə bilər.
Anastasia Veprevanın O məcburdur adlı işi, Rusiyada hökumət televiziya kanallarında evliliyin patriarxal modelini təbliğ edən, yeniyetmə qızları balaca şəhzadə kimi davranmaları və evdar qadın düşüncəsi ilə böyümələrinə təşviq edən verilişlərdən seçilmiş hissələrdən ibarətdir. Sabina Şıxlinskayanın iki kanallı video materialı, Korgöz kənd sakini olan bir qadının real həyat hekayəsindən bəhs edir. “Başladığın işi bacarana qədər et” prinsipi ilə Avropaya qədər gəlib çıxan və Azərbaycanı qadın liderlik təlimində təmsil edən bu qadının maraqlı və məzəli hekayəsini izləyə bilərsiniz.
Burak Delierin Böhran və Nəzarət adlı videosu həm kişi, həm də qadın işçilərin hüdudsuz məhsuldarlığa və nəticəyə köklənmiş əmək mədəniyyəti nəticəsində verdikləri qurbanlardan bəhs edir. İş stresini aradan qaldırmaq və arzuolunan uğur imicini yaratmaq üçün, yetkinlik yaşına çatanların əksəriyyəti həyatının hər bir addımını sosial mediya üzərindən nümayiş etdirir. Endi Kasyerin fotolayihəsi bu mədəniyyətə istinad edir. Bu məqsədlə o, həssaslıqla iş və zövq üçün dünyanı səyahət edən şişirdilmiş uğurlu bir iş adamının obrazını yaradır. Onun yeni Selfi necə çəkilməlidir adlı seriyaları rəqəmsal texnologiyalar dövründə kişi fərdlərinin özlərini necə təqdim etdiklərini əks etdirir. Bu gün kişilər qüvvətli, mülayim, uğurlu və ya emosional görünmək istəyirlərmi? Sənin kişi olduğunu hamı qəbul etsin deyə, cüssə-əzələ sahibi olmağın vacibdirmi? Necə geyinməlisən ki, ətrafdakıların gözündə kişi görünəsən? Selfi necə çəkilməlidir – bu, Facebook və İnstaqram şəbəkələrində vaxtaşırı yenilənən statuslardan ibarət bir kolleksiyadır. Gücün, qüdrətin və hakimiyyətin nümayişi özünü optimallaşdırma dövründə kişi obarzını formalaşdırır.
Frenk Til incəsənətdə qadın təmsilçiliyi mövzusuna müraciət edir. Frenk Til Havana seriyasında 15 yaşını qeyd edən gənc qadının tam boy ölçüsünə uyğun portretlərini göstərir, bu adət Latın Amerikasında yeniyetməliyə yenicə qədəm qoyan qadınlar arasında geniş yayılmışdır. Eyni zamanda, Til Havananın unikal şəhər landşaftını vizual olaraq sərgiləyir.
Bu böyük ölçülü əsərlərin əksinə, Leyli Ələkbərovanın təqdim etdiyi iş kuklaların fotoşəkillərindən ibarətdir. Qadınların interpretasiyasında seksuallıq daha sonra sərgidə Lea Şraqerin müsbət bədən (body positive) işi ilə davam etdirilir. Onun Çəhrayı kölgələr adlı işi internetdə fərqli qadın şəxsiyyətlərini, bloqqer-qızdan tutmuş, instagram modeli, və digər qadın təsvirlərini təqdim edir.
Şannon Bulun Gözəlçələr (Bombshells) adlı fotokollajlardan ibarət işində qadın bədəni əsas yer tutur .Hazırki işlər Le Korbuzyenin texniki təsvirləri və köhnə qadın çılpaq şəkillərinin arxivlərinin kombinasiyasını təqdim edir və həm də bir zamanlar onun özünə məxsus olduğu bir kolleksiyaya istinad edir. Üç qitədə ailə bağları və mədəni əlaqələrin formalaşması Iris Buxholts Çokolatın A Sul. O Sombreiro adlı instalyasiyasının əsas mövzusudur.
Abdulrazaq Avofesonun heykəlləri və Vüsal Rəhimin incə təsvirləri məcbur edilmiş rollar və davranış nümunələri arasında alleqorik bir qarşıdurmanı əks etdirir. Rəhimin 2002-ci ildən davam edən Qonağın gündəlikləri cinsi mənsubiyyətdən daha çox insanın hissləri və düşüncələrinə diqqət yetirir. Viktoriya Sin Baxışla bağlı refleksiyanın povestik təsviri adlı video işində öz alter-eqo nöqteyi nəzərindən gender mövzusunu təqdim edir.
Kuratorlar: Alfons Huq və Əsli Səmədova. Anika Mayerin iştirakı ilə
Sərgi, 12 Aprel, cümə günü 19:00-da, Kapellhausda (28 May küç., 35) başlayır və 18 May tarixinə qədər davam edir. Sərgi: Çərşənbə – Bazar, 13:00-19:00 qədər davam edəcəkdir. Giriş sərbəstdir. Məsləhət görünən yaş həddi – 16+.
Frame.az