Kapital Bankla Tərəfdaşlıq müqaviləsinə imza atıldı
Bakı 2017 Oyunları Əməliyyat Komitəsi oyunlara az bir vaxt qaldığı müddətdə növbəti, Rəsmi Tərəfdaş – Kapital Bank ilə müqavilə imzaladı. Kapital Bank oyunlar ərzində Pərakəndə Bank qismində xidmətləri təmin edəcəkdir.
Kapital Bank Atletlər Kəndində ATM-lər, xarici valyutadəyişmə aparatları yerləşdirməklə, Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının tamaşaçıları, mətbuat nümayəndələri və idmançıları üçün xidmət göstərəcəkdir.
Milyonlarala müştərisinin xidmətində dayanan Kapital Bank, IV İslam Həmrəyliyi oyunları zamanı tədbirin təbliğatında geniş rol oynacaq, idmansevərlərə xidmətləri vasitəsi ilə yeniliklər barədə məlumat verəcək.
Bakı 2017-in Əməliyyat Komitəsinin Korporativ direktoru Elçin Səfərov: “Kapital Bank Azərbaycanda nüfuzlu və etibarlı banklarından biridir. Komandamızın Rəsmi Tərəfdaşları siyahısına Kapital Bankın da qoşulmağı bizi çox sevindirir. Əminik ki, Kapital Bank müştəriləri vasitəsi ilə Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı məlumatların Azərbaycanın hər bir regionuna çatdırılmasında əvəzsiz xidmətlər göstərəcək. Çünki, bizim əsas məqsədimiz oyunlara daha çox tamaşaçı diqqətini cəlb etməkdir.”
Kapital Bankın idarə heyətinin sədri Rövşən Allahverdiyev: “Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilib. Bu il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları da bu tədbirlər sırasındadır. Kapital Bank olaraq belə tədbirə dəstək göstərməkdən qürur hissi duyuruq. Əminliklə söyləmək olar ki, Birinci Avropa Oyunları kimi, İslam Həmrəyliyi Oyunları da ölkəmizdə yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq”.
Qeyd edək ki, Kapital Bank Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının AZAL, BP, Microplus, SOCAR, Coca-Cola, Nar Mobile şirkətlərindən ibarət Rəsmi Tərəfdaş siyahısına qoşulmaqla yeddinci Rəsmi Tərəfdaş statusunu əldə edib.