Kaspersky “Google” xidməti üzərindən göndərilən saxta kompensasiya bildirişlərini aşkarlayıb
Kaspersky mütəxəssisləri təcavüzkarların qanuni “Google Data Studio” xidmətindən istifadə edərək rus dilində yaydıqları dələduzluq e-poçtlarının dalğasını aşkar ediblər. Məktublarda alıcıları kompensasiya ödənişlərini rəsmiləşdirmək və ya guya artıq təsdiqlənmiş pul köçürməsini təsdiqləmək təklif olunur.
Sxem necə qurulub. E-poçtlarda istifadəçilərə çəkilmiş xərclərə görə kompensasiya almaq, əlavə ödənişləri rəsmiləşdirmək və ya maliyyə qurumu tərəfindən artıq təsdiqlənmiş pul köçürməsini qəbul etmək təklif olunur. Vəsaitləri əldə etmək üçün məktubun alıcısından “Google Slides” yerləşdirilən sənədi və ya “Google Forms”da yaradılmış sorğunu açmaq istənilir. Həmin sənədlərdə fırıldaqçılar kompensasiya ödənişləri barədə uydurma hekayəni davam etdirirlər. İnandırıcı olmaq üçün onlar guya qanunvericiliyə edilmiş dəyişikliklərlə kompensasiya ödənişi müddətinin uzadılmasına istinad edirlər, həmçinin dövlət rəmzlərinin şəkillərini və ödənişlərin kimə uyğun olması barədə ətraflı məlumat əlavə edirlər. Bundan başqa, sənədlərdə və sorğularda fırıldaqçıların istifadəçiləri yönləndirməyə çalışdıqları saxta səhifələrə linklər də yer alır.
E-poçtun yayılma mexanizmi. Saxta e-poçtları yaymaq üçün təcavüzkarlar “Google Data Studio”da e-poçt hesabatlarının planlaşdırılmış göndərişi funksiyasından istifadə edirlər. Onlar sənədi yaradır, saxta təklif və linki ehtiva edən mətni əlavə edir və sonra potensial qurbanların ünvanlarını alıcı qismində göstərərək avtomatik paylama qururlar. Nəticədə, istifadəçilərə qanuni “Google” xidmətindən göndərilən e-poçtlar gəlir. Paylamanın digər bir xüsusiyyəti göndərmə vaxtıdır: xidmət yalnız saatın əvvəlində və ya ortasında planlaşdırma qurmağa imkan verir ki, bunun nəticəsində saxta e-poçtlar əsasən bu vaxt aralığında, bəzən bir dəqiqəlik gecikmə ilə gəlir.
Heç nəyə inanmaq olmaz. Sxemin özəlliyi odur ki, hücumçular qanuni “Google” xidmətinin infrastrukturundan istifadə edirlər. E-poçtlarda adı, loqosu və imzası da daxil olmaqla, “GoogleData Studio”ya xas dizayn elementləri yer alır. Bu, istifadəçilərdə mesajın etibarlı olması barədə təəssürat yarada bilər.
“Maliyyə tələləri fırıldaqçılar tərəfindən istifadə edilən klassik bir taktikadır. Onlar kompensasiya, gözlənilməz ödənişlər və ya asan pul vəd edir – planlarını qarşı tərəfin marağını cəlb etmək və onu tez bir zamanda pul qazanmağa sövq etmək üzərinə qururlar. Bu cür təkliflər, xüsusilə tanınmış onlayn xidmətlər vasitəsilə göndərildikdə inandırıcı ola bilər. Amma diqqət: qanuni platformadan istifadə məlumatın həqiqiliyinə zəmanət vermir. Müxtəlif bəhanələrlə linkə klikləməyə və əlavə hərəkətlər etməyə sövq edən gözlənilməz mesajlara xüsusilə diqqətli yanaşmaq lazımdır”, – deyə Kaspersky-nin baş spam analitiki Anna Osipova bildirib.
“Fırıldaqçılar məktublarını yaymaq və fişinq resurslarına yönləndirmək üçün populyar onlayn xidmətlərdən istifadəyə davam edirlər. Bu cür sxemlərdə planlar istifadəçilərin tanınmış platformalara olan etibarı üzərinə qurula bilər: tanış loqotip, qanuni xidmətin ünvanı və ya ‘Google’ xidmətinə link heç bir şübhə yaratmır. Lakin nə qanuni xidmətdən gələn e-poçt, nə də populyar resurslara aparan linklər təhlükəsizliyə zəmanət vermir. Spamın qanuni xidmətlər üzərindən göndərilməsi bu cür məktubların təhlükəsizlik həlləri tərəfindən bloklanmasını çətinləşdirir”, – deyə Kaspersky GReAT-ın eksperti Konstantin İsakov qeyd edib.
Saxtakarlığın qurbanı olmaq riskini azaltmaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:
• tanınmış xidmətlərdən gəlsə belə, pul köçürmələri, kompensasiya və dövlət ödənişləri ilə bağlı gözlənilməz mesajlara diqqət yetirin;
• müvafiq qurumların rəsmi veb-saytlarında dövlət dəstəyi tədbirləri haqqında məlumatları yoxlayın və şübhəli elektron poçtlardakı linklərə klikləməkdən çəkinin;
• şübhəli resursların səhifələrində şəxsi məlumatlar, bank kartı məlumatları və ya təsdiq kodlarını daxil etməyin;
• Kaspersky Standard kimi fişinq və fırıldaqçılıq saytlarına keçid cəhdlərini tanımağa və bloklamağa kömək edəcək etibarlı təhlükəsizlik həllindən istifadə edin.

