Məşhur pop müğənni 17 illik fasilədən sonra yenidən Bakıda
Fevralın 12-də Bakı Konqres Mərkəzində Türkiyənin sevilən müğənnisi Mahsun Kırmızıgülün konserti baş tutub.
Frame.az xəbər verir ki, məşhur pop müğənni 17 illik fasilədən sonra yenidən Bakıda öz sevilən ifaları ilə pərəstişkarları qarşısında çıxış edib.
İlk öncə Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Zəlzələdə yaşadıqlarım, gördüklərim məni çox yaraladı. Azərbaycandakı konsertimə görə geri qayıtmağa məcburam. Əldə olunacaq bütün gəliri yardım üçün istifadə edəcəyəm. Sizi unutmayacağam, unutdurmayacağam” deyə, müğənni lirik mahnılarını ifa edib.
Eyni zamanda konsertdə bir çox maraqlı anlar da yaşanıb.
Belə ki, sənətçi həyat yoldaşı tərəfindən şiddətə məruz qalmış Bergenlə virtual duet ifa edərək, qadınlara qarşı zorakılığı pisləyib.
Bundan əlavə Mahsun Kırmızıgül konsert zamanı onun fanatı olan azərbaycanlı şəhid Anar İsrəfilovun videosunu nümayiş etdirib.
A.İsrafilov görüntülərdə onun “Annem-annem” mahnısını səsləndirib. M.Kırmızıgül bildirib ki, şəhidin atası və övladları konsertdədir.
Müğənni onu da qeyd edib ki, şəhidin hər iki övladının təhsil haqlarını özü qarşılayacaq.
Konsert zamanı tez-tez zəlzələ ilə bağlı mövzulara toxunan ifaçı fəlakət bölgəsində olduğu müddət ərzində azərbaycanlı xilasedicilərin işini də xüsusi olaraq vurğulayıb. O, Azərbaycandan gələn yardımları yüksək qiymətləndirib.
M.Kırmızıgül bu səbəbdən Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib.