Kseniya Poznyak: Finala gedən yolda bizim ən güclü rəqiblərimiz Türkiyə, Serbiya və Rusiya yığmalarıdır
Biz bu yarışlara uzun müddət hazırlaşmışıq. Mübarizəyə mümkün qədər tezliklə qoşulmaq istəyirdik. Macarıstan yığması ilə ilk matçda əvvəlcə işlərimiz o qədər də uğurla getmirdi, lakin şadıq ki, həmin oyunda qalib gəldik.
Azərbaycanın voleybol üzrə yığma komandasının bloklayıcısı Kseniya Poznyak bu sözləri Bakıda keçirilən Avropa Çempionatında Macarıstan komandası ilə matçdan sonra söyləyib. Xatırladaq ki, həmin görüş Azərbaycan yığmasının xeyrinə 3:0 hesabı ilə başa çatıb.
Kseniya Poznyak deyib: “Biz arenaya tez gəldik, məşqə başladıq, lakin birinci partiyanın əvvəlində, necə deyərlər öz oyunumuzu tapa bilmirdik, lakin sonra özümüzə inamımız artdı və oyunun gedişində dönüş yarada bildik. Çempionata qələbə ilə başlamaq xoşdur, inanıram ki, bu qələbəni daha möhkəmlədəcəyik”.
Azərbaycan yığmasının üzvü çempionatda bizim komandanın güclü rəqiblərini qeyd edib: “Mənim fikrimcə, Türkiyə, Serbiya və Rusiya yığmaları finala gedən yolda bizim ən güclü rəqiblərimizdir. Macarıstan komandası ilə oyunumuz göstərdi ki, hamı ilə oynamaq və qalib gəlmək mümkündür. Hər şey bizim oyunumuzdan asılıdır”.
Frame.az