EventsMədəniyyətTəqdimat

Maestro Niyazinin məzarı ziyarət olunub

Görkəmli dirijor və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 110-cu ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.

Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai xadimlər, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri, bəstəkarlar Fəxri xiyabana gələrək, maestronun məzarı önünə gül dəstələri düzüblər.

Anım günündə görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.

Bildirilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.

Diqqətə çatdırılıb ki, maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!