“Microsoft” korporasiyası “Bakutel 2018” sərgisində innovasiya texnologiyalarını təqdim edəcək
“Microsoft” korporasiyası dekabrın 4-dən 7-dək Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel 2017”) bir sıra innovativ texnologiyalar nümayiş etdirəcək.
Korporasiyanın bu tədbirdə iştirakının əsas məqsədi müxtəlif sahələrdəinnovasiya texnologiyalarını geniş insan kütləsinə təqdim etməkdir.
“Microsoft”un stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tədris Mərkəzi ilə “Microsoft Azerbaijan” şirkəti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Azərbaycanda ilk dəfə yaradılmış “Əşyaların İnterneti” laboratoriyasının (IoT lab) təqdimatı keçiriləcək. Laboratoriya innovasiya sahəsində ölkədə gənc mütəxəssislərin kadr potensialını artıracaq. Yaradılacaq yeni laboratoriyada innovasiyaları tətbiq edərək istənilən şəxs öz bilik və bacarıqlarını realizə edə biləcək. Onu da qeyd etmək lazımdır ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun hazırlanmış “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə innovasiya sektorunun inkişafı, təşkilatların iqtisadi effektivliyini artırılması və təhsil sisteminin modifikasiyası daxildir.
Bundan başqa, stenddə “Microsoft” korporasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığının nəticələri, həmçinin, Azərbaycanın dövlət təşkilatlarını lisenziyalı proqram təminatı ilə təmin etmək məqsədilə Nazirlik və “Microsoft” arasında bu yay imzalanmış saziş çərçivəsində cari fəaliyyəti əks olunacaq. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini “Microsoft” proqram təminatı lisenziyaları ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq nəzərdə tutulub. Sənəd 3-iilik müddəti əhatə edir və “Microsoft”un Azərbaycanın dövlət strukturları ilə sıx əlaqəni nəzərdə tutur.
Proqram təminatının əldə olunmasından başqa sazişə ölkədə müdafiə olunmuş mühitin yaradılması, qeyri-neft sektorunun inkişafı, yeni sektor və seqmentlərin yaradılması, innovasiya yönümlü elektron xidmətlərin yaradılması, sözügedən xidmətlərinin genişləndirilməsi və s. daxildir. Bütün bunlar ölkənin beynəlxalq reytinqlərində mövqeyini yaxşılaşdırmasına, ümumiyyətlə, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına imkan verəcək. İmzalanmış sənəd çərçivəsində tələbə və şagirdlər “Minecraft: Education Edition” oyunundan tam pulsuz şəkildə istifadə edə bilərlər.
Sərgi iştirakçıları “Microsoft”un stendində təhsil üçün innovasiya həllərinin geniş spektri ilə tanış ola biləcəklər. Burada Azərbaycanın müxtəlif universitetlərinin tələbələri – “Microsoft Imagine Cup” beynəlxalq texnologiya müsabiqəsinin iştirakşıları və qalibləri “Azure” bazasında hazırlanmış və ölkənin innovasiya potensialının artmasına yönələn öz startap layihələrini nümayiş etdirəcəklər.
“Microsoft”un stendində müasir texnologiyalarla iqtisadiyyatın müxtəlif sahələrini birləşdirən “HoloLens” əlavə reallıq eynəkləri də təqdim olunacaq. Bu eynək sayəsində, məsələn, insan anatomiyasını öyrənmək, ən əsası isə mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirmək mümkündür. Stendin ziyarətçilərinə “Microsoft HoloLens”in unikal texnologiyaları və yerli həkimlər tərəfindən hazırlanmış metodika sayəsində dünya praktikasında ilk dəfə Azərbaycanda lokal klinikada rekonstruktiv əməliyyatın keçirilməsi barədə ətraflı məlumat veriləcək.
«“Bakutel 2018” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin, sözügedən sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır.“Microsoft”un “Bakutel 2018”sərgisində əsas hədəfi – geniş kütləni qlobal texnoloji innovasiyalar barədə məlumatdırmaq və Azərbaycan şirkətlərinə ölkə iqtisadiyyatının gələcək inkişafına təkan verəcək layihələri nümayiş etdirmək imkanı yaratmaqdır. Biz Azərbaycanın dövlət və kommersiya təşkilatlarınını nümayəndələrini, tələbə və müəllimləri, istedadlı gəncləri həm son istehlakçılara, həm də həmkarlara öz nailiyyətlərini nümayiş etdirməyə, yeni işgüzar əlaqələr yaratmağa, İKT sahəsinin aparıcı mütəxəssislərinin fikirlərini öyrənməyə və “Microsoft”un fəaliyyəti ilə tanış olmağa imkan yaradan sərgini ziyarət etməyə çağırırıq. Sözsüz ki, “Bakutel” sərgisi Azərbaycan və bütün Cənubi Qafqazda informasiya və yüksək texnologiyalar sahəsini inkişaf etdirən katalizatorlardan biridir», – deyə “Microsoft Azərbaycan”şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.
Frame.az