Bizim AşpazLəzzətli BölümTurizmTəqdimat

Milli Kulinariya Komandasının üzvləri Mişlen ulduzlu baş aşpazla birgə təqdimat keçiriblər

Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının gənc üzvləri Mişlen ulduzunu qazanmış şef Jeff Tan ilə birgə təqdimatda iştirak ediblər.

CÀSÀ Kulinariya Mərkəzində keçirilən mərasimdə İngiltərədən dəvət olunmuş dünya miqyaslı məşhur baş aşpaz Jeff Tan Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının qalibi Emil Zeynalzadə, WSSE 2022 müsabiqəsinin medalçısı, Qlobal Aşpazlar Müsabiqəsinin Avropa Qran Prisində bürünc medal qazanmış Leyla Vəliyeva və baş aşpaz Kənan Balaşovla birgə  xüsusi menyu hazırlayıblar. CASA-nın aşpaz məzunları məşhur Jeff Tan ilə birlikdə qonaqlara 12 fərqli təam  təqdim ediblər.

Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova çıxış edərək Dövlət Turizm Agentliyinin qastronomiya sahəsindəki fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, gənc aşpazlarla aparılan işin bu strategiyanın əsasını təşkil etdiyini bildirib. Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının fəaliyyətinin aktivləşdirilməsi üçün təlim-tədris, tədqiqat, marketinq-kommunikasiya, institusional inkişaf, təcrübə mübadiləsinin vacibliyindən söz açıb. Yaxın gələcəkdə gənc aşpazlarla birlikdə Azərbaycanın biomüxtəliflik potensialını nümayiş etdirməyə imkan verən menyuların tərtibatı üzərində işlərin başlanılacağını da bildirib.

S.Əsgərova Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi – “Worldchefs”lə əməkdaşlığın yalnız qastronomiya sənayesinin canlanmasına deyil, həmçinin Azərbaycanın qastronomiya destinasiyası kimi təbliğatına zəmin yaratdığını vurğulayıb.

Qeyd edək ki, Mişlen ulduzlu şef Jeff Tan 30 ildən çox kulinariya təcrübəsinə malikdir və özündə Qərb elementlərini daşıyan Asiya ölkələrinin mətbəxləri üzrə ixtisaslaşıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!