Milli musiqi məhsulunun beynəlxalq platformalarda rəqabətliliyinin artırılması müzakirə edilib
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində Musiqi Sənayesi Platformasında günün sonuncu panel müzakirəsi “Milli musiqi məhsulunun beynəlxalq platformalarda rəqabətliliyinin artırılması” mövzusu olub.
Tədbirdə xarici ekspertlər, beynəlxalq layihələrdə təcrübəsi olan mütəxəssislər, ölkədə musiqi sənayesinə töhfə verən və tanınan şəxslər, o cümlədən prodüserlər və musiqiçilər iştirak edib.
Tədbirdə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Norveç nümayəndəliyinin rəhbəri Stiq Karlsen, danimarkalı prodüser Karolina Vallexo, bəstəkar, prodüser İsa Məlikov, Qazaxıstanın “ADAM Media Prodakşın” studiyasının nümayəndəsi Aybek Moldabayev və Nigar Camal çıxış ediblər.
Milli musiqi məhsulunun beynəlxalq platformalarda tanıdılması, bununla bağlı olaraq atılan yenilikçi addımlar, fikirlər və təkliflər danışılıb.
Çıxışçıların fikrincə, milli musiqi məhsulu xaricə elə ixrac edilməlidir ki, o məhsulun dəyəri ən azı xarici mütəxəssislərin məhsulu ilə bərabər olsun. Azərbaycanda kifayət qədər musiqiçilər var ki, həqiqətən də musiqi yaratma potensialına malikdirlər. Mahnı müsabiqələrində bir məsələ ortaya çıxır ki, niyə Azərbaycan bəstəkarları öz əsərlərini xaricə göndərmirlər. Seçim turlarında demək olar ki, ancaq xaricilərin musiqiləri səslənir. Bu onun göstəricisidir ki, xarici bəstəkarlar həm yerli, həm də xarici bazar üçün əsərlərini yaradırlar. Azərbaycanda isə bəstəkarlar məhz yerli bazar üçün yaradır.
Qeyd edilib ki, Azərbaycan musiqisinin beynəlxalq arenada tanıdılması istiqamətdə mühüm işlərin görülməsi vacib məsələdir.
Panel sessiyaların davamı olaraq dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı müzakirələr (“Eurovision Talks”) təşkil olunacaq.
Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.