Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibbi aksiya keçirəcək
Sentyabrın 23-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) tibbi aksiya keçirəcək.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən xəbərə görə, Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası OMD xəstəxanasının əməkdaşları üçün tibbi xidmət göstərəcək. Aksiya saat: 09:00-dan 16:00-dək xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla həyata keçiriləcək. Aksiyanın keçirilməsində məqsəd pasiyentləri operativ şəkildə müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək, aşkarlanan problemlərin həllinə nail olmaqdır.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə hətta əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş cərrah-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fəaliyyətə başlayıb.
Hazırda dünyada müxtəlif göz problemlərindən və korluqdan əziyyət çəkən insanların sayı həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.