Müasir İncəsənət Muzeyində rəssam Lətafət Məmmədovanın fərdi sərgisinin açılışı keçirilib
Sentyabrın 28-i UNESCO – Beynəlxalq İncəsənət Assosiasiyası, UNESCO – Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və Türkiyənin Bakırköy Rəssamlar Dərnəyinin üzvü, azərbaycanlı rəssam Lətafət Məmmədovanın fərdi sərgisinin açılışı keçirilmişdir. Müasir İncəsənət Muzeyində oktyabrın 5-dək davam edəcək “Rənglərin sirri” adlı sərgidə rəssamın müxtəlif janrlı əsərlərdən ibarət ekspozisiyası nümayiş olunur.
1954-cü ildə tanınmış azərbaycanlı rəssam Hafiz Məmmədovun ailəsində anadan olmuş Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini müvəffəqiyyətlə bitirib. O, 1978-1980-ci illərdə Baltik ölkələrinin müxtəlif şəhərlərində rəssamlıq simpoziumlarında çalışıb və mükafatlara layiq görülüb, 1978-ci ildə Sovet İttifaqının Rəssamlar Birliyinin üzvlüyünə qəbul olunub, bir müddət Azərbaycan Dövlət Pedoqoji Universitetində kafedra müdiri vəzifəsində işləyib.
Lətafət Məmmədova Azərbaycan incəsənətini xaricdə uğurla təmsil edən rəssamlardandır. O, 2001-ci ildə Türkiyə dövlətinin dəvəti ilə İstanbulun müxtəlif sənət qurumlarında dərs deyib. O, 2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını yaradıb. Azərbaycanlı rəssam İstanbulda 2018-ci ildə Türkiyənin “Onur” mükafatına layiq görülüb.
Yaradıcılığında əsasən lirik kompozisiyaların, qadın obrazlarının və təbiət təsvirlərinin üstünlük təşkil etdiyi rəssamın əsərləri Rusiyanın, Avropanın, ABŞ-ın muzey və kolleksiyalarında saxlanılır.