EventsMədəniyyətQalereyaSərgiTəqdimatƏn Son

Müasir İncəsənət Muzeyində ölkəmizin mədəni müxtəlifliyinə həsr olunan sərgi açılıb

İyunun 7-də Müasir İncəsənət Muzeyində Hollandiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Azərbaycanın mədəni müxtəlifliyi” mövzusunda fotosərgi açılıb.

Frame.az xəbər verir ki, sərgidə istedadlı fotoqraflar Arien Zvart, Ramina Boçarova, Rüstəm Hüseynov, Vaqif Muğallı, Arif Quluzadə, Ciordano Sotiriou, Onno Kervers və kinooperator Ülvi Mehdinin Azərbaycanın Astara rayonunun Sim kəndinin gözəl və özünəməxsus həyatını, yerli mədəniyyətini və adət-ənənələrini əks etdirən əsərləri nümayiş olunub.

Sərgidə açılış mərasimində Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov çıxış edərək fotosərginin əhəmiyyətindən söhbət açıb. Sərgidə Azərbaycanın mədəni müxtəlifliyi əks olunduğunu söyləyən muzeyin müdiri, bunda əsas məqsədin ölkəmizdəki tolerantlığın, multikulturalizmin təbliği olduğunu vurğulayıb. Fotolar Azərbaycan ərazisində yaşayan insanların qonaqpərvərliyini və ölkəmizə gələn xarici vətəndaşlara göstərdiyi gözəl münasibəti də əks etdirir.

Bu kimi tədbirlərin iki dövlət arasında münasibətlərinin inkişafında böyük rol oynadığını deyən X.Abdinov sərginin ərsəyə gəlməsində hollandiyalı fotoqraflarla yanaşı, azərbaycanlı fotoqrafların da zəhməti keçdiyini vurğulayıb.

Hollandiyanın ölkəmizdəki səfiri Onno Kervers qeyd edib ki, bu sərginin iki mənası var. Birincisi, fotoqraflar bu əsərləri ilə gözəl təcrübə qazanıblar. İkincisi isə Sim kəndinin mədəni irsini önə çəkiblər. Sərgi onu göstərir ki, Azərbaycanın mədəniyyəti özünəməxsusdur.

Sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, sərgi iyunun 28-dək davam edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!