“Muğam axşamları” layihəsinin yeni mövsümdə ilk konserti olub
Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə özünün ənənəvi olaraq təqdim etdiyi genişmiqyaslı “Muğam axşamları” layihəsi ilə ikinci dəfə muğamsevərlərin görüşünə gəlib. İlk konsert “Rast” muğamına həsr olunub.
Frame.az xəbər verir ki, Əməkdar artistlər Arzu Əliyeva və Elnur Zeynalov və beynəlxalq müsabiqələr laureatı Hüseyn Məlikov muğamsevərlər qarşısında çıxış ediblər. “Rast”ın şöbələri və ritmik ahəngi 3 istedadlı xanəndə tərəfindən zərgər dəqiqliyi ilə özünəməxsus tərzdə təqdimi tamaşaçılar tərəfindən böyük sevgi ilə qarşılanıb. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” ansamblı müşayiət edib.
İlin sonunadək Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Şur”, “Zabul-Segah”, “Çahargah” muğamları ifa ediləcək.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. Artıq 2-ci mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi tanınmış, görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamlarımız təqdim edilib.