EventsFestivallarMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Muğam- 2019” Televiziya Müsabiqəsinə start verildi

2019- cu il martın 12-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən “Muğam – 2019” Televiziya Müsabiqəsinə start verildi.
VII Televiziya Muğam Müsabiqəsininin açılışı zamanı novruz çərşənbələrinin üçüncüsü  olan yel çərşənbəsi də müsabiqənin açılışı zamanı qeyd edildi.
Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır. Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər. İlk dəfə 2005-ci ildə keçirilmiş  həm ölkəmizdə, həm də onun hüdudlarında  kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.
Bu nailiyyətlər, şübhəsiz, Azərbaycan Respublikasnın birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və səyi ilə muğam, aşıq sənəti, Azərbaycan tarı, xalçalarımız, Novruz Bayramı, İçərişəhər memarlıq  qoruğu, Çovgən oyunu, kəlağayı və Lahıc misgərlik sənəti YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib.
VII Muğam Televiziya Müsabiqəsinə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 350-dən artıq gənc dinlənilmiş və aralarından 20 iştirakçı seçilərək müsabiqənin final mərhələsinə çıxmışdır.
Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir.
Müsabiqənin başlanğıcında xanəndə, bəstəkar, musiqi xadimi,  Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun yaradıcılığına nəzər salındı. XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkar – Cabbar Qaryağdıoğlunun Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı dinlənildi.

Müsabiqə iştirakçılarını müşayiət edirdi:  tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova. Səhnəyə dəvət olunan  müsabiqənin ilk iştirakçısı Faiq Əkbərov  öz musiqi nömrəsini təqdim etdi. Daha sonra Mehranə Məmmədova, Zaur Mürsəlov, Hüseyn Səba, Xəyal Hüseynov, Mehin Qarayeva, Heyrat İbayev, Qələm Qocamanova, Tariyel Vəliyev və İlahə Rüstəmova  çıxış etdilər. Növbəti on iştirakçı isə cümə axşamı   martın 14- də öz ifalarını təqdim edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!