Musiqili Teatr payız tətili günlərində balaca teatr həvəskarlarını sevindirməkdə davam edir
Hər zaman repertuarında uşaq tamaşalarına xüsusi yer verən Azərbaycan Dövlət Musiqili Teatrı payız tətili günlərində də balaca teatr həvəskarlarını sevindirmək ənənəsinə sadiqdir.
Teatrın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, artıq dünəndən başlayaraq “Yağış göbələyinin macərası” tamaşası teatrın səhnəsində üç dəfə nümayiş edilib və uşaqlar tərəfindən maraqla qarşılanıb.
Sənət ocağının səhnəsində noyabrın 18-də, saat 12:00-da “Qızıl cücə” və həmin gün, saat 15:00-da isə “Qoğalın macərası” tamaşaları göstəriləcək. Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Rauf Babayev, Yulya Heydərova, Əliməmməd Novruzov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Emil Heydərov, Pərviz Məmmədov, Eleanora Mehdiyeva, Mehriban Rəcəbova, Valeriya İsgəndərzadə, Roman Krasnov, Murad Əliyevin ifa etdikləri maraqlı rollar balacaları əsl möcüzələr aləminə aparacaq.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.