TeatrTəqdimat

Musiqili Teatrda iranlı aktyorun “999-cu gecə”si

Azərbaycan Dövlət Musiqili Teatrında 21, 22 oktyabr tarixlərində SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun əbədiyaşar musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsi nümayiş olunub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadın iştirakı ilə təqdim olunan tamaşa uğurla keçib. Camal Saqinejadın canlandırdığı Şah obrazı izləyicilərin maraq və rəğbətinə səbəb olub. Səhnə əsərindən böyük zövq alan tamaşaçılar Camal Saqinejad başda olmaqla yaradıcı heyətə dəfələrlə sürəkli alqışlarla, gül-çiçək dəstələri və hədiyyələrlə sevgilərini ifadə ediblər.
İkinci tamaşa gününün sonunda səhnəyə çıxan Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Musiqili Teatrla İran İslam Respublikası, xüsusilə də, Təbriz Teatrı arasındakı qarşılıqlı mədəni əlaqələrdən, müştərək layihələrdən bəhs edib. “Bu layihələr dövlətlərimiz arasında mədəni əlaqələrin inkişafında böyük əhəmiyyətə malikdir. Bütün zamanlarda mədəniyyətlərarası dialoq xalqların, millətlərin və dövlətlərin yaxınlaşmasına, dostluğun, mehribanlığın, sülhün inkişafına xidmət edib. İnanıram ki, müştərək layihələrimiz bundan sonra da olacaq, əlaqələrimiz daha da genişlənəcək”, – deyə Ə. Lalayev bildirib. Daha sonra söz güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreynə verilib. B. Nəhreyn son zamanlar Azərbaycanla İran arasındakı mədəni əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib. O, rəhbərlik etdiyi Təbriz Teatrı ilə Musiqili Teatrın birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasını xatırladıb.
“Ötən Novruz bayramında təqdim etdiyimiz “Bəxtəvər” tamaşası Sizin yerli tamaşaçılarla yanaşı, İrandan gələn turistlər tərəfindən də böyük maraq və çoşquya səbəb oldu”, – deyə B. Nəhreyn söyləyib. Tədbirin sonunda Təbriz Teatrının aktyoru Camal Saqinejad “999-cu gecə” Beynəlxalq layihəsində uğurlu çıxışına görə Azərbaycan Dövlət Musiqili Teatrının xüsusi diplomu ilə təltif olunub. “Hər birinizin qarşısında baş əyirəm! Mənə göstərdiyi etimada, yaratdığı şəraitə, xüsisilədə diqqət və qayğıya görə Əliqismət Lalayev başda olmaqla Musiqili Teatrın bütün kollektivinə təşəkkür edirəm. Sevginizin göstəricisi olan səngiməyən alqışlarınız gözlərimi yaşartdı. İltifatınıza görə minnətdarlığımı bildirirəm”, – deyə C. Saqinejad bildirib. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. Səhnə əsərində rolları Camal Saqinejadla yanaşı, teatrın gənc və istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa ediblər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!