Musiqili Teatrın pianoçusu Beynəlxalq Müsabiqədə 2-ci olub
Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” Beynəlxalq Müsabiqəsində 2-ci yerə layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, F. Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.
Qeyd edək ki, Nəcəfli Firuzə Elman qızı Bakı şəhərində anadan olub. 2006-cı ildə Rafiq Babayev adına Uşaq Musiqi Məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Məktəb-Studiyaya – Professor Tərlan Seyidovun sinfinə daxil olub və 2009-cu ildə oranı əla qiymətlərlə, 2013-cü ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsini fərqlənmə diplomu ilə bitirib və elə həmin il Akademiyanın “Fortepiano” fakütəsinin magistraturasına daxil olub, 2015-ci ildə isə magistraturanı fərqlənmə diplomu ilə başa vurub. Bir sıra konsertlərdə, tədbirlərdə, müsabiqələrdə, festivallarda, konfranslarda uğurla iştirak edib. Ferens List adına Beynəlxalq festivalda diploma layiq görülüb.
Qara Qarayev adına 1-ci Respublika elmi-ifacılıq müsabiqəsinin diplomantı olub. İstedadlı və Yaradıcı Gənclərin 2-ci Respublika Toplantısında, bir sıra konfranslarda elmi məruzələrlə çıxış edib. Azərbaycan Tələbə Gənclər Təşkilatının və Təhsil Nazirliyinin birgə keçirdiyi 1-ci Tələbə Teatr Festivalının “Üzeyir Hacibəylinin operettalarının ən yaxşı ifaçısı” nominasiyası üzrə qalib olub. 2014-cü ildə Azərbaycan Dövlət Milli Muzeyində ifa etdiyi “Əsrin Müqaviləsi” əsəri qalib əsər olaraq SOCAR-ın himni seçilib.
2015–ci il 17 mart “Birlik Üçün Oxu” layihəsinin (ABŞ da reallaşdırılmış “Playing for Change” layihəsi) iştirakçısı olub və bəstəkar Tofiq Quliyevin “Sənə də qalmaz” əsərini ifa edib.
Frame.az