Muzeydə meksikalı rəssamların “Miqrant ürək” adlı sərgisinin açılış mərasimi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində meksikalı rəssamların “Miqrant ürək” adlı sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə Meksika, Argentina, Kolumbiya, Çili, Avstriya, Macarıstan, İsveç, Yunanıstan, Portuqaliya , İspaniya, Fransa, Polşa səfirləri və nümayəndə heyətləri, muzey əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, Azərbaycan və Meksika arasıda mədəni-tarixi əlaqələrin əhəmiyyətini vurğulayıb. N.Vəlixanlı qeyd edib ki, “Azərbaycan Meksika rəssamlarının əsərləri ilə çoxdan tanışdır. Hətta 1950-ci illərdən Azərbaycan rəssamlarının Meksika rəssamları ilə əlaqələri olub. Bu gün də cəmiyyətimiz ABŞ-də yaşayan miqrant rəssamların rəsmləri ilə tanış olur”. Sərginin Azərbaycanda nümayiş olunmasının əhəmiyyəytini qeyd edən muzey direktoru, bu cür beynəlxalq sərgilərin təşkilinin mədəni irsin təbliğində və mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynadığını bildirib.
Daha sonra Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero çıxış edərək, “Miqrant ürək” səyyar sərginin Azərbaycanda nümayiş olunmasının Meksika mədəniyyətini tanımaqla yanaşı, həm də miqrasiya mövzusunun qlobal əhəmiyyətinə diqqət çəkmək baxımından xüsusi rol oynadığını qeyd edib. Səfir sərginin təşkilinə verdiyi dəstəyə və sərginin uğurlu nümayişi üçün əlverişli şərait yaratdığına görə Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
Sərginin muzeydə kurasiya işi, sərgi tərtibatçılığı muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova tərəfindən həyata keçirilib.
Qeyd edək ki, sərginin açılış mərasimindən sonra əsərlər 5 gün ziyarətçilərə təqdim olunacaq.