Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir.
Nazirlikdən Frame.az-a bildirilib ki, müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.
Müsabiqədə Azərbaycan vətəndaşları və ölkəmizdə daimi yaşayış icazəsi olan bütün şəxslər iştirak edə bilər.
Hər iştirakçı yalnız bir videoçarla müsabiqəyə qoşula bilər. İştirakçının yaş məhdudiyyəti yoxdur. Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə). Videoçarxların müddəti maksimum 3 dəqiqə həcmində olmalıdır. Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.
Sənədlər oktyabrın 20-dək elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) media@culture.gov.az poçt ünvanına göndərilməlidir.
Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.
Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.
Müsabiqənin qaliblərinin adları noyabrın 7-dək Nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az www.azerbajanfilm.az) və “Mədəniyyət” qəzetində elan olunacaq.