Nazir Əbülfəs Qarayev Musiqili Teatrın aktyorunu mükafatlandırıb
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyevin 60 yaşı tamam olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Ələkbər Əliyevi təbrik edib, teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktyoru Fəxri fərmanla təltif edib.
Qeyd edək ki, Əliyev Ələkbər Həsən oğlu 15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyoru” fakültəsini bitirib, elə həmin il təyinatla Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Musiqili Komediya Teatrına) gəlib. Gözəl səs tembrinə, yüksək səhnə mədəniyyətinə malik olan Ə. Əliyev ilk addımlarından teatr ictimaiyyətinin diqqətini cəlb edib. Ə. Əliyevin ifa etdiyi Rüstəm bəy “O olmasın, bu olsun”, Vəli “Arşın mal alan”, Kəblə Qubad “Ər və arvad” (Ü. Hacıbəyli), İbiş İbişli “Adamın adamı” (V. Adıgözəlov, Anar), Şükürbəyli “Məsmə xala dayımdır” (R. Mustafayev, C. Məmmədov), Nümayəndə “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), Polis Aslan “Yeddi məhbusə anası” (C. Quliyev, Ə. Əmirli), Knyaz Pantiaşvili “Xanuma” (V. Dolidze, A. Saqarelli), Ağa Zaman “Kimyagər” (S. Kərimi, Ə. Ol), Eynəkli “Milyonçunun dilənçi oğlu” (S. Ələsgərov, Ş. Qurbanov), Rüstəm “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), Doymazov, Nazirov “Volqalı canan” (R. Mustafayev, A. Qüdrət), Kişi “Toya bir gün qalmış” (Ə. Səmədli) və s. obrazlar orjinallığı və dəqiq ifa tərzi ilə tamaşaçıların rəğbətini qazanıb. Ələkbər Əliyev 2013-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısıdır. Frame.az