Nefrologiyanın aktual problemləri müzakirə olunub
Martın 10-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının, Azərbaycan Nefroloqlar Cəmiyyətinin, Nefrologiyanın İnkişafına Yardım İctimai Birliyinin və “EGİS Pharmaceuticals PLC” şirkətinin ölkə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Böyrək Gününə həsr edilmiş “Nefrologiyanın aktual problemləri” mövzusunda elmi konfrans keçirilib.
Açılış mərasimində akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Fariz Babayev xroniki böyrək xəstəliyi ilə mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib və bu sahədə təcrübə mübadiləsinin vacib əhəmiyyətə malik olduğunu qeyd edib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev xroniki böyrək xəstəliyinin bütün dünyada sağlamlıq böhranı olduğunu, pandemiyadan əvvəlki dövrdə uroloji və nefroloji problemləri olan xəstələrə göstərilən yüksəkkeyfiyyətli tibbi xidmət və böyrək transplantasiyası sahəsində əldə edilən uğurlardan bəhs edib.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov xronik böyrək xəstəliyindən əziyyət çəkənlərə ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi işinin təkmilləşdirilməsi sahəsində müvafiq səhiyyə islahatlarının həyata keçirildiyini, icbari tibbi sığortanın tətbiqinin müsbət nəticələr əldə edilməsində mühüm rola malik olduğunu bildirib.
Konfransın elmi hissəsi Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, Ege Hospitalın nefroloqu Barat Yusubov və “Medservis” özəl tibb mərkəzinin direktoru Hikmət İsmayılovun moderatorluğu ilə “Böyrək zədələnmələri: müalicə və diaqnostikada yeniliklər” paneli ilə işini davam edib.
Panel müzakirələr və interaktiv sual-cavab sessiyaları vasitəsilə həyata keçirilən konfransda Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbəsinin rəisi Mirmənsim Məmmədovun “Diabetik nefropatiya: SGLT2 inhibitorları”, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayevanın “Böyrək çatışmazlığında antibiotiklərdən istifadə”, akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin nefroloqu, tibb üzrə fəlsəfə doktoru Hafiz Ağayevin “Ambulator şəraitdə nefroloji xəstələrin müşahidə və müayinə prinsipləri” və Hemodializ şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rüfət Əhədovun “Hemodializ yoxsa periton dializi?” mövzularında məruzələri dinlənilib.
Konfransda 80 nəfər ixtisaslı həkim iştirak edib və 3 paneldə ümumilikdə 14 məruzə ətrafında müzakirələr aparılıb.