EventsMusiqiMədəniyyətOxu zalıTəqdimat

Muğam Mərkəzində dahi Nəsiminin 650 illiyi ilə əlaqədar tədbirlər davam edir

Aprelin 10-da Beynəlxalq Muğam Mərkəzində  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Muğam sənəti” kafedrası hazırladığı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Cahan mənəm…” adlı bədii musiqili tədbir keçirilib.
Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində baş tutub.
Gecədə ADMİU-nun “Musiqi sənəti” fakultəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova çıxış edərək, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsini Nəsimi yaradıcılığına verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.
Tədbirdə Xalq artisti Teyyub Aslanov, “Solo oxu” ixtisasının tələbələri – Məftun Səfərli, Ramil Hümbətli, Rəvan Qaçayev, Vüqar Əbilovun ifasında “Nəsimi” bədii filmindən “Qafil oyan” dərviş mahnısı, “Eylədi” mahnısı (musiqi: Emin Sabitoğlu), “Şur təsnifi” (musiqi: E.Haşımov, A.Yusubov), “Segah” təsnifi (musiqi: A.Abdullayev) və “Səmayi-şəms” ritmik muğamları səsləndi.
Konsertdə ifaçıları Əməkdar artist Əliağa Sədiyev (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Vüsal Qasımov (tar), Kamal Abdullayev (kamança), Pərviz Əlikram oğlu (balaban), Xəyyam Quliyev (ud) və Cavidan Nəbiyev (nağara) müşayiət ediblər.
Sonda tədbirin proqramını hazırlayan ADMİU-nun “Muğam sənəti” kafedrasının müdiri,  Xalq artisti Teyyub Aslanov çıxış edərək, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova gənc ifaçılara göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!