Nizami Kino Mərkəzində “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi olub
14-17 noyabr tarixlərində Bakıda keçirilən IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsisçiliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutur. Bu il Festivala həm də Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi də dəstək göstərir.
Mərasimdə dövlət rəsmiləri, əcnəbi qonaqlar, tanınmış sənət adamları, yazıçılar, ictimaiyyət, media nümayəndələri iştirak edib.
IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev tədbir iştirakçılarını salamlayıb, artıq 9-cu dəfə baş tutan festivalın hədəflərinin ildən-ilə artdığını deyib: “2004- cü ildə ilk dəfə festivalı keçirəndə məqsədimiz növbəti illərdə yaxın Şərq və MDB ölkələrindən olan rejissorları bir araya toplamaq idi. Buna nail ola bildik. “START” Beynəlxalq Qısa Filmlər Festivalı öz miqyasını genişləndirərək, Avropa və Asiyanı özündə birləşdirən festivala çevrildi. Artıq “START” 35 yaşına kimi olan gənc kinematoqrafçıların görüş məkanına çevrilib. Bu festivalda qalib gələnlər arasında Kann, Berlin film festivallarının iştirakçısı olanlar da var”.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Vaqif Əliyev Festivalın Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına dair tədbirlər çərçivəsində həyata keçirildiyini diqqətə çatdıraraq, onun gənc kinonun inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb.
Bu vaxta qədər Festivala 60-dan çox ölkənin gənc kinematoqrafçıları qatıldığını qeyd edən idman və gənclər nazirinin müavini İntiqam Babayev bu minvalla Festivalın dünyada Azərbaycan mədəniyyətinin təbliğatçısına çevrilə bildiyini, Azərbaycan gənclərinə stimul verdiyini bildirib: “Festivalın ilk illərindən başlayaraq İdman və Gənclər Nazirliyi festivala təşkilati dəstək göstərir. 9 il az vaxt deyil. “START” bu yaşa gəlib çatıbsa bunun özü böyük nailiyyətdir. Biz buna sevinirik və gələcəkdə də festivala dəstək olmağa hazırıq”.
Daha sonra çıxış edən festivalın Beynəlxalq münsiflər heyətinin sədri Ayaz Salayev, üzvləri iranlı rejissor Kambozia Partovi, Gülbara Tolomuşova, Tobias Büxner, Zəhrə Bədəlbəyli, həmçinin Yerli münsiflər heyətinin sədri Mirbala Səlimli, üzvləri İlqar Fəhmi, Cavid Təvəkkül belə bir festivalın Azərbaycan gənc kinematoqrafın inkişafında böyük xidmətləri olduğunu, istedadlı yaradıcı gənclərin üzə çıxmasına birbaşa şərait yaratdığını diqqətə çatdırıb.
Mərasimdə “Azərbaycan kinosu 120” illiyi ilə əlaqədar olaraq videosüjet göstərilib. Rəqs qrupunun çıxışı, musiqili kampaziyasiya tədbirə rəngarənglik gətirib. Açılış mərasimi film nümayişi ilə başa çatıb.
Qeyd edək ki, bu ilki kinoforumun proqramı Beynəlxalq, Yerli, “Cinemobil” müsabiqə bölmələri, pitçinq, ustad dərslərindən ibarət olacaq. Artıq bu ildən etibarən Festival qaliblərinə “QIZIL NAR” mükafatı təqdim ediləcək. 45 ölkədən (Azərbaycan, Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Makedoniya, Belçika, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva, İsveç, İsveçrə, Xorvatiya, Serbiya, Rumuniya, İsrail, ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, Argentina, Braziliya, Kolumbiya, Venesuela, Kamerun, Hollandiya, Portuqaliya, Kipr, Yunanıstan, Avstriya, Finlandiya) daxil olan 490 qısametrajlı filmlərin içərisindən Seçim Komissiyası 100 filmi müsabiqəyə buraxıb.
Filmlər noyabrın 17-nə kimi 12:00-dan 16:00-dək Nizami Kino Mərkəzində, “Cinema Plus 28 Mall”-da nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.
Festivalın proqramına daxil olan ən böyük tədbirlərdən biri isə dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerasının təşkili olacaq. Kann, Berlin, Venesiya, Lokarno kimi festivalların mükafatçısı olan Azərbaycan əsilli iranlı kinorejissorun bu filmi 71-ci Beynəlxalq Kann kinofestivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olub. Yerli tamaşaçılar filmi 16 noyabr saat 19:00-da “CinemaPlus Gənclik Mall”-da izləyə biləcəklər.
Festival haqqında ətraflı məlumatı www.filmfestival.az saytından əldə edə bilərsiniz.
Əlaqə nömrələri: 055 639 52 27
Frame.az