Növbəti Formula 1 yarışı üçün yerli media nümayəndələrinin akkreditasiyasına start verilib
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 26-28 aprel 2019-cu il tarixlərində dördüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb.
Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2019 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.
Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi 28 fevral 2019-cu il, saat 17:00-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai yerli media nümayəndələrini ölkəmizdə baş tutacaq növbəti Formula 1 yarışını işıqlandırmaq üçün tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edir: “Diqqətinizə xüsusilə çatdırmaq istərdik ki,Formula 1 yarışlarında iştirak edən media nümayəndələri, bir qayda olaraq, müəyyən rəsmi standartlara və kriteriyalara tabe tutulurlar. Yalnız həmin göstəricilərə tam cavab verən jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılış vəsiqəsi əldə edəcəklər.
Fürsətdən istifadə edərək yarışı işıqlandırmaq istəyən bütün jurnalistləri bu kriteriyalarla yaxından tanış olmağa və gecikmədən 2019 Formula 1 Azərbaycan Qran Prisinə qeydiyyatdan keçməyə çağırırıq. Bu prosesdə hər birinizə uğurlar arzulayırıq!”
Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az email ünvanına yaza bilərlər.
Frame.az