Novruz bayramının hazırlıqlarına həsr olunmuş tədbir keçirilib
Frame.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, fevralın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz şənliyinə hazırlıqla bağlı tədbir keçirilib.
Tədbirdə nazirliyin məsul əməkdaşları, regional mədəniyyət və turizm idarələrinin rəisləri, teatr-konsert müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak edib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirdə çıxış edərək Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı, mütərəqqi adət və ənənələri özündə ehtiva edən Novruz bayramının bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacağını deyib.
Bildirilib ki, el bayramının böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planı tərtib olunub, əlaqədar təşkilatlara və şəxslərə müvafiq tapşırıqlar verilib. Nazir müavini qeyd etdi ki, ümumxalq şənliyi martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Bununla bağlı təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib: “Xalqımızın mədəni irsini, milli-mənəvi dəyərlərini zəngin folklorunu, adət-ənənələrini özündə yaşadan Novruz bayramı Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə hər il yüksək səviyyədə qeyd olunur.
Mədəniyyət və Turizm Nazirliyi də ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri görülür”. Ədalət Vəliyev bayram mərasiminin ümumi ssenarisi, ayrı-ayrı məqamları barədə də məlumat verdi. Bildirilib ki, şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Novruz personajları Kosa və Keçəl, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.
Qeyd olunub ki, teatrların aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri orkestrləri, rəqs qrupları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də tədbirə böyük həvəslə hazırlaşırlar. Diqqətə çatdırılıb ki, Novruz şölənində bölgələrimizin mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək, bayram adət-ənənələri, xalça sənəti örnəklərimiz geniş təqdim olunacaq: “Bu vaxta qədər bayram şənliyi çərçivəsində təşkil olunan Şərq bazarında ölkəmizin 30-35 rayonun stendləri qurulub, nümayiş etdirilirdi.
Bu ilki mərasimdə bütün rayonlarımız təmsil olunacaq, bu ilin yanvar ayından fəaliyyətə başlayan regional mədəniyyət və turizm idarələrinin stendləri qurulacaq. Həmin stendlərin qarşısında regional idarələrə daxil olan bütün rayonların adları əks olunacaq, rayonların kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək”.
Martın 19-da günün sonunadək musiqi kollektivlərinin konsert proqramı təqdim edəcəyini bildirən Ədalət Vəliyev bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.