EventsMədəniyyətTeatrTəqdimat

“Nuri-didə Ceyhun” üçün Türkiyədən Bakıya gəldi

Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanan möhtəşəm tamaşasının premyerası teatr aləmində böyük əks-səda yaratdı.

Qurumun mətbuat xidmətindən bildirilib ki, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa  teatrsevərlərin böyük diqqət və marağına səbəb olub. Premyera haqqında teatrın rəsmi “Facebook” və “İnstaqram” səhifələrinə ürək sözlərini yazan izləyicilər xoş təəssüratlarını bildiriblər. Hətta Türkiyədən məhz bu tamaşanın sorağı ilə gəldiyini qeyd edən Mərmərə Universitetinin “Güzel Sanatlar” fakültəsinin tələbəsi Əlirza Şahbazi fikirlərini daha dolğun ifadə edib: “Mən saytlarda “Nuri-didə Ceyhun” tamaşasının premyerası barədə anonsu görəndə çox sevindim və məhz bunun üçün Bakıya gəldim. Cümhuriyyətimizin 100 illiyinin belə gözəl bir tamaşa ilə insanlara çatdılırması mənimçün gözlənilməz surpriz oldu. Həqiqətən də, yüz ilin haqqını verən bir tamaşa idi. Və mən bundan böyük zövq aldım… Əməkdar artist Pərviz Məmmədrzayevin xüsusi peşəkarlıqla belə bir tarixi şəxsiyyət, ictimai xadim – Ceyhun Hacıbəylinin obrazını canlandırması tədqirəlayiqdir.

Xüsusi ilə Türkiyədə iş birliyi etdiyim istedadlı aktyor Elçin İmanov ifa etdiyi Üzeyir Hacıbəyli obrazı ilə bizim bilmədiyimiz çox məqamlara aydınlıq gətirdi. Aktyor məharətlə dahi bəstəkarı təkcə ictimai xadim kimi deyil, həm də  ailəcanlı, qayğıkeş və Ceyhun Hacıbəylini represiyanın təhdidlərindən qorumağa çalışan fədakar qardaş kimi tanıtdı. Əsər müəllifin və rejissorun fərqli araşdırmasının məhsuludur. Üzeyirin öz ailəsinə -ana, bacısı və qardaşına bu qədər həssas olmasını heç yerdən oxumamışdıq, bilmirdik və xoşbəxtəm ki, bu tamaşa vasitəsilə dahi şəxsiyyəti hərtərəfli tanımaq bizə nəsib oldu…

Mən dünyanın bir çox adlı-sanlı teatrlarında olmuşam, amma inanın ki,belə yüksək səviyyədə tamaşa görməmişəm. Səhnə quruluşu, dekorasiyalar, kostyumlar, balet, aktyorların mükəmməl performansı, səsləndirilən ölməz musiqi əsərləri… Bir sözlə, həmişə olduğu kimi, Musiqili Teatrın kollektivinin təqdimatı möhtəşəm idi. Sözsüz ki, Musiqili Teatr hər zaman səviyyəli tamaşalar hazırlayır. “Nuri-didə Ceyhun” dateatr tariximizdə növbəti uğurlu tamaşalar siyahısına daxil edilməlidir… İnandırım ki, Türkiyənin ən məşhur sənət adamları da Musiqili Teatr haqqında danışarkən heyran olduqlarını gizlətmirlər… Hətta dəfələrlə bu barədə müzakirələr aparırlar, fikirlər səsləndirirlər.

Mən ümid edirəm ki, bu sanballı tarixi səhnə əsəri uzun illər tamaşaçıları Musiqili Teatra cəlb edəcək. Fikrimcə,“Nuri-didə Ceyhun” tamaşasıtürkdilli ölkələrdən başlayaraq  dünya miqyasında təqdim edilməli, xaricdə yaşayan soydaşlarımıza göstərilməlidir…

Teatrın direktoru, dəyərli ziyalımız, Əliqismət Lalayevə və onun kollektivinə bu tamaşaya görə təşəkkürümü bildirirəm, Əliqismət müəllim istər ölkəmizdə,  istərsə də onun hüdudlarından kənardakı Azərbaycan teatrlarının təqdimatında və inkişafında  mükəmməlliyə üstünlük verən, gənc istedadlı kadrlara diqqət və qayğısını əsirgəməyən  teatr xadimidir… Onun rəhbərliyi ilə belə bir teatrda işləmək çoxları kimi mənim də  arzumdur. Mən bu tamaşadan sonra öz sənətimi daha da çox sevməyə başladım….”

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!