IqtisadiyyatTurizmTəqdimat

Nərgiz Nəsrullayeva-Müdüroğlu AmCham Azərbaycanın ilk qadın prezidenti seçildi

2 mart 2022-ci il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Direktorlar Şurası və Prezidentliyinə seçkilər keçirilmişdir.

Seçkilərin nəticəsinə əsasən Nərgiz Nəsrullayeva-Müdüroğlu AmCham Azərbaycanın ilk qadın prezidenti seçilib.

Nərgiz Nəsrullayeva-Müdüroğlu dövlət və özəl sektorda rəhbər vəzifələrdə çalışmış və 25 illik təcrübəyə malikdir. O, Harvard Kennedi Məktəbinin məzunudur. Xanım Nəsrullayeva-Müdüroğlu Landmark Biznes Mərkəzini təmsil edir. O, həmçinin 45 milyard dollarlıq aktivi olan Azərbaycan Dövlət Neft Fondunun (ADNF) icraçı direktorunun müşaviri vəzifəsində çalışır. ADNF tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi yolu ilə ölkənin makroiqtisadi sabitliyinin qorunub saxlanmasını hədəfləyən qurumdur.

Xanım Nəsrullayeva-Müdüroğlu dövlət sektorunda fəaliyyətə başlamazdan öncə 11 il AmCham Azərbaycanın İcraçı direktoru vəzifəsində çalışıb. Bu illər Palatanın inkişafında mühüm rol oynamışdır. Belə ki, həmin dövrdə Palatanın üzvlərinin sayı 90 şirkətdən 300-ə çatmış, üzvlər üçün xidmətlərin dairəsi genişlənmiş və inkişaf etmişdir. Bundan əlavə, o, Palatanın siyasətini və qanunvericilik işini gücləndirərək AmCham Azərbaycanı biznesin real səsi və ölkənin iqtisadi inkişafında müsbət qüvvəyə çevirməyə nail olmuşdur.

Yaxşı işgüzar nüfuza malik Palata üzvlərinin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi seçkilərin nəticəsinə əsasən aşağıdakı şəxslər növbəti iki il müddətinə (2022-2024-cü illər) AmCham Azərbaycanın Direktorlar Şurasına seçilmişlər:

AmCham prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Landmark Biznes Mərkəzi

Şahin Məmmədov, PASHA Holdinq

Zaur Allahverdizadə, BAKER HUGHES

Dəyanət Sədullayev, PMD Group

Rəna Məmmədova, COCA-COLA

Teymur Mahmudov, SOCAR

Elnarə Məmmədova, BP

Kənan Tabasaranski, Smart Solutions Group

İlqar Mehti, EKVITA

Bəxtiyar Axundov, MOL Azərbaycan

Qeyd edək ki, AmCham Azərbaycan 1996-cı ildən ölkədə fəaliyyət göstərir və hazırda ölkədəki xarici investisiyaların 80%-dən çoxunu təmsil edən 250 üzv şirkəti özündə birləşdirir. Palata hökumətlə özəl sektor arasında körpü rolunu oynayır və müvafiq dövlət qurumları ilə davamlı konstruktiv və nəticəyönümlü dialoq aparır. Palata üzvlərinin biznes maraqlarını təşviq edir və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına töhfə verir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!