TurizmTəqdimat

Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edilib

Aprelin 23-də Dövlət Turizm Agentliyi yerli kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə Abşeron rayonunun Qobustan kəndində “Qılınc” palçıq vulkanlarının yerləşdiyi əraziyə mediatur təşkil edib.

Qeyd edək ki, aprelin 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma tədbirində iştirak ediblər.

Frame.az xəbər verir ki, mediaturun məqsədi ölkə başçısının təməlini qoyduğu Palçıq Vulkanları Turizm Kompleksi barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbir zamanı keçirilən brifinqdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Azadə Hüseynova jurnalistlərə turizm kompleksinin missiyası və gələcəkdə nəzərdə tutulan planlar haqda ətraflı məlumat verib, onların maraq doğuran suallarını cavablandırıb.

Bildirilib ki, Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yerləşir. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Turizm kompleksinin ən qısa zamanda istifadəyə verilməsi nəzərdə tutulub. Turizm kompleksinin məqsədi təbii sərvətimiz olan palçıq vulkanlarının turizm imkanlarını və təbliğatını həyata keçirməkdən ibarətdir. Sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.

Qeyd edilib ki, ərazi Qobustan qoruğuna yaxın olduğu üçün seçilib. Belə ki, Qobustan ölkəyə gələn turistlərin ən çox ziyarət edilən turizm zonasıdır. Burada əlavə tikililər olmadığından turistlər təbiətlə təmasa girə bilirlər. Eyni zamanda “Ginnesin rekordlar kitabı”na düşmüş dünyanın ən böyük palçıq vulkanı da məhz bu ərazidə yerləşir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!