“PAŞA Sığorta” adından istifadə edərək dələduzluq etməyə çalışanlara aldanmayın!
“PAŞA Sığorta” ASC-yə daxil olan şikayətlərin təhlili əsasında yeni dələduzluq hallarının mövcudluğu aşkarlanmışdır. Belə ki, “PAŞA Sığorta” adından istifadə edərək əlaqə saxlayan bu şəxslər:
• Endirimli qiymətə avtomobilin icbari sığortası məhsulunu təklif edirlər. Sığorta haqqının isə şəxsi debet kartlarına köçürülməsini tələb edirlər;
• Sığorta hadisəsi baş vermiş zərərçəkənlərdən sığorta ödənişinin həyata keçirilməsi üçün şəxsi debet kart məlumatlarını tələb edirlər.
“İcbari sığortalar haqqında” Qanuna əsasən avtomobilin icbari sığorta haqqına hər hansı formada endirim (güzəşt) tətbiq etmək qadağandır.
Qanuna əsasən isə sığorta haqqı, sığorta ödənişi kimi ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. Bu zaman müştəri tərəfindən sığorta haqqının ödənilməsi və ya sığorta şirkəti tərəfindən sığorta ödənişinin həyata keçirilməsi müvafiq prosedurlara uyğun olmalıdır.
“PAŞA Sığorta” ASC olaraq Sizinlə əlaqə saxlayan şəxslərin kimliyini dəqiqləşdirməyinizi tövsiyə edir, dələduzlara aldanmamağınızı, şübhəli hallar ilə qarşılaşdığınız təqdirdə dərhal PAŞA Sığorta şirkətinə *7000 qısa nömrəsi vasitəsilə müraciət etməyinizi xahiş edirik.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindən biridir.