PFL Azərbaycan Premyer Liqasının 12-ci turunu “YAŞAT turu” elan edib
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanına əsasən “YAŞAT” Fondunun yaradılması ilə əlaqədar Peşəkar Futbol Liqası (PFL) birbaşa üzvləri olan Premyer Liqa klubları ilə birgə XII turu “YAŞAT turu” elan edib.
Frame.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, “YAŞAT turu”nun oyunlarının dekabrın 20-də keçirilməsi nəzərdə tutulur.
Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Müvafiq vəsait Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.