CinemaƏyləncə

Polis bölməsində “komediya”

DSC_0156

“Oğlan evi: Azərbaycansayağı qarət”in seansı bitəndə ilk dəfə komediya filmindən insanları ağlayaraq çıxan gördük. Sovet filmlərindən sonra uğurlu ekran əsərinə ac olan tamaşaçının sevinc göz yaşları başa düşüləndir. Son dövrlər çəkilən bir çox bayağı film və seriallarla gözləntiləri tamam aşağı salmış Azərbaycan kinosunda yeni və güclü pöhrələr görmək sevindirici haldır. Kino tənqidçiləri, kinomanlar, xüsusilə də tamaşaçı tərəfindən yüksək qiymət alan filmin 2-ci hissəsinin çəkilişlərinə başlanıldığını eşitdik.

Filmin çəkilişlərinə iyulun 14-dən başlanılıb. Şamaxıda, İsmayıllıdakı çəkilişlərdən sonra film heyəti yeni səhnələri çəkmək üçün Bakıya qayıdıb. Çəkilişində iştirak etdiyimiz səhnələr isə 16-cı polis bölməsində baş tutdu. Səhnə aralarında vaxt tapdıqca filmin rejissoru İlham Qasımov ilə söhbətləşirik. Rejissor əvvəlcə “Oğlan evi: Azərbaycansayağı qarət”in uğurundan danışır. İ. Qasımovun sözlərinə görə, uğur gözlənilən idi, ancaq tamaşaçı sevgisinin bu qədər böyük olacağı yox:

“Uğuru gözləyirdik, ancaq bu qədər olacağını yox. Uğurumuzun sirri də yaxşı işləməyimizdədir. Bir il ərzində biz çox ciddi işləmişik. Tural Sevdimalı və DJ Fatehlə birlikdə 6 ay ssenarini yazmışıq, 3 ay hazırlıq gedib və sonra 2 ay ərzində film çəkilib. Bu qədər vaxt sərf ediriksə, deməli, uğur olmalıdır. Bu, bizi çox sevindirir. Xüsusilə də tamaşaçı tərəfindən bu qədər bəyənilmək, bizdə ruh yüksəkliyi yaratdı. Kinoteatr işçiləri deyir ki, seanslarda film bitəndə əl çalınırdı. Bir var ki, qala gecəsində bu edilsin, bir də var seanslarda. Bir-iki seansa getmişəm və bunu özüm də görmüşəm. Elə bildim, sadəcə ilk seanslarda olub, sən demə 2 ay boyunca bu hal davam edib. Bax, bunu biz gözləmirdik”.

“Hazırda film sektorunda vəziyyət yaxşı deyil, kadrlarımız çatmır, ancaq acınacaqlı da deyil”

İ. Qasımovun sözlərinə görə uğurlarının sirri birdir: “İşi yaxşı bilmək və ciddi yanaşmaq. Kino işi çox mürəkkəbdir. Sovet dövründən bəri bizdə bu məktəb, demək olar ki, dağıldı. İndi yenidən kinostudiyamız işləyir, amma sahənin tam qalxması üçün kommersiya filmlərinin olması mütləqdir. Filmlərin sayı artdığı zaman bizim yerli mütəxəssislər püxtələşəcək və bazar inkişaf edəcək. Tamaşaçılarımız kədərlənməsin. Hansısa film uğurlu alınmırsa, bu, o demək deyil ki, bizdə vəziyyət acınacaqlıdır. Vəziyyət yaxşı deyil, kadrlarımız çatmır, ancaq acınacaqlı da deyil”.

“Oğlan evi-2” filmində fərqli aktyorlar gözə çarpır. Ötən filmdə canlandırdığı Baba obrazı ilə böyük sevgi toplayan Elcan Rəsulovun çəkilişləri artıq yekunlaşdığı üçün ötən gün “Şalaxo” sədaları ilə yola salınıb. Filmdə fərqli aktyorların rol almasının əsas səbəbi isə ssenarisi ilə bağlıdır. Hətta ikinci filmin həm dinamika, həm də fərqlilik baxımından daha uğurlu iş olacağı gözlənilir. Həmçinin, budəfəki hekayə daha çox insanı əhatə edir, nəinki birinci hekayə:

“Ssenariyə uyğun olaraq Elcan Rəsulovu saxlamışıq. Hazırda sosial şəbəkələrin sevimlisi Hüseyn Əzizoğlu və digər ulduzları dəvət etmişik. Hüseyn tanınmış vaynerdir və böyük pərəstişkar kütləsi var. “Bozbaş Pictures”dən də Nicat Rəhimov var. Oğlan evi 1-in aktyorları da güclü idi və işinin öhdəsindən layiqincə gəldi. Sadəcə olaraq bu ssenariyə uyğun olaraq bizə bu aktyorlar lazım idi. Budəfəki əhvalatımızda qəhrəmanlarımız avtomobil satıcılarının fırıldağına düşür. Onlar məharətlə işin içindən çıxmaq istəyir və alınır da. Bununla yanaşı, məhəbbət xətti də var. Baba obrazını canlandıran Elcan Rəsulov bu filmdə öz yarını tapmalıdır. Amma tapacaq ya yox bunu filmi izləyəndə görəcəyik”.

Bizə xəbər edirlər ki, yeni səhnənin çəkilişi üçün artıq hər şey hazırdır. İlham Qasımovu hələlik rejissor kürsüsünə yola salıb səhnəarxası məqamları izləməyə başlayırıq. Günəş altında təkrarlanan çəkilişlərdən, axıdılan alın tərindən anlamaq olur ki, kino həqiqətən də qəliz məsələdir.

Çəkiliş arası fasilədə rejissorla yenidən söhbətləşirik. Bu dəfə filmin büdcəsindən söz düşür:

““Oğlan evi 2” düşünülmüş addım idi. İlk filmimizi çəkəndə düşündük ki, ikinci üçün şans yaradaq, keyfiyyət nişanəsini bəlli edək. Bizə dəstək olacaq şirkətlər çıxsın ki, film daha keyfiyyətli olsun. Film heç də ucuz iş deyil, kifayət qədər xərc tələb edir. Bu səbəbdən də mütləq dəstək lazımdır. Bizə dəstək verən sponsorlar var. Bunlardan Kapital Bankdır ki, birinci filmə baxdılar, daha sonra keyfiyyətli məhsul gördüklərini və yanımızda olduqlarını dedilər. Mən onları alqışlayıram. Belə şirkətlər nə qədər çox olsa, filmlərimizin keyfiyyəti də o qədər artıq olar. Filmdə məhsul reklamı vermək olar. Ancaq o tamaşaçının gözünə batmamalıdır. Birinci filmdə reklam məhsulları var idi, ancaq onların heç birini tamaşaçının gözünə soxmadıq. Biz filmdən qazanc əldə etmədik, əksinə ziyana oldu. Ancaq bu, düşünülmüş addım idi. Bizim əsas məqsədimiz hədəfimizdəki keyfiyyətə nail olmaq idi. Qənaət edib 2-3 nəfərlə nəsə çəkmək olar, ancaq bu, film alınmayacaq. Filmdə azı 50-70 nəfər işləməlidir. Başqa cür film çəkmək olmaz, 4 divar arasında film çəkmək olar, sadəcə onun üçün Tarantino (Məşhur rejissor) olmaq lazımdır, mən də Tarantino deyiləm”.

Artıq filmin çəkilişləri yekunlaşıb, montaj işinə başlanılıb. Maraqla gözlənilən komediyanın Qala gecəsi isə dekabr ayına planlaşdırılıb.

Qafqazinfo

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!