“Prosol” şirkəti beynəlxalq səviyyəli tədbirə evsahibliyi edəcəkdir
®Azərbaycanın ən iri özəl kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkəti beynəlxalq səviyyəli tədbirə evsahibliyi edəcəkdir.
Ölkə tarixində özəl sektor tərəfindən təşkil olunan və kibertəhlükəsizlik mövzusuna həsr olunan ən böyük tədbir 29-30 noyabr tarixində baş tutacaqdır. “Beynəlxalq kibertəhlükəsizlik günü”nə həsr olunmuş tədbir Azərbaycanla yanaşı Türkiyə, İsrail və digər ölkələri təmsil edən kiber mütəxəssislərin iştirakı ilə baş tutacaqdır.
İnkişaf etməkdə olan texnologiyalar dünya üzrə fərdlər, şirkətlər və hökümətlər üçün yeni növ təhdidlər və təhlükələr yaradır ki, bu da kibercinayətkarlığa qarşı mübarizəni daha da mürəkkəbləşdirir. 2021-ci ilin sonuna kimi dünya miqyasında kibercinayətkarlığın vuracağı zərərin məbləğinin 6 trilyon dollar olacağı gözlənilir. Bütün bunlar dövlətlər və özəl sektor təmsilçiləri arasında dialoq və məlumat mübadiləsini şərtləndirir ki, yeni cinayətlər və gələcək təhdidlər haqqında anlayışlar daha geniş olsun.
Bu mənada sözügedən tədbir effektiv fikir və məlumat mübadiləsi platforması təmin edəcəkdir. Bu, daim yenilənən internet mühitinin təqdim etdiyi riskləri araşdırmaq, aşkar etmək və onların qarşısını almaq üçün texnologiyanın daha səmərəli necə istifadə oluna biləcəyi haqda ortaq fikir formalaşdırmağa dəstək olacaqdır. Bu isə son nəticədə Azərbaycanda kibertəhlükəsizlik sahəsində daha çox məlumatlılığın yaranmasına, dövlət və özəl sektor arasında bu yeni çağırışa qarşı mübarizədə daha sıx əməkdaşlığın qurulmasına mühüm töhfə verəcəkdir.
● Davamlı kibertəhlükəsizlik ekosisteminə doğru: Azərbaycan, Türkiyə və İsrail modelləri
● Dərin müdafiə: uğurlu kibertəhlükəsizlik strategiyasının sirri
● Kibertəhlükəsizlik arxitekturası vasitəsilə kiber hədələrin və risklərin minimallaşdırılması
● Kiber müharibə ssenarisi üzrə təqdimat
● Kibercinayətkarlıqla mübarizədə biznesin çağırışları: kiber qiymətləndirmə və araşdırma
● Kiber məlumatlılıq və təhsil: kiber akademiya anlayışı
Tədbir Azərbaycanda özəl sektor tərəfindən təşkil edilən ilk kibertəhlükəsizlik tədbiri olmaqla yanaşı, həm də beynəlxalq baxımdan kifayət qədər diqqətləri üzərinə çəkməyi bacaracaq. Belə ki, tədbirdə Türkiyənin “PİCUS”, “SOCRadar”, “Binalyze”, “Logsign”, İsrailin “Cyber Security Group”, “BSW Global”, “CyberPro”, “Cympire”, “Cywareness”, ABŞ-ın “Qualys”, “Palo Alto Networks”, “IBM”, “CyberArk”, “Microsoft” kimi şirkətləri, həmçinin bir sıra digər yerli və beynəlxalq şirkətlər iştirak edəcəkdir.
“Fairmont Baku” hotelində keçiriləcək iki günlük tədbirdə iştirak yalnız dəvətnamə əsasında olsa da, kibertəhlükəsizlik sahəsinə marağı olan hər kəs tədbiri sosial media platformaları üzərindən canlı izləyə biləcəklər.
Belə bir tədbirin keçirilməsinin Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühitinin daha da dayanıqlı xarakter almasına böyük töhfə olacağına inanan “Prosol” şirkəti ölkəmizin bu sahədə regional mərkəz olması və region ölkələri üçün nümunəyə çevrilməsi adına öz üzərinə düşən missiyanı bundan sonra da yerinə yetirmək əzmindədir.
Tədbirin baş sponsorları: Prosol Şirkəti, BSW Global Company, Neqsol Holding, Amdocs, ATL tech
Sponsorlar: CyberPro Şirkəti, SOCRadar, Cywareness Şirkəti, Paloalto, Cympire Şirkəti, Picus, CSG (Cyber Security Group), Cyberark