“Qadınların sahibkarlıq fəaliyyətinin inkişafında medianın rolu” mövzusunda dəyirmi masa keçirilib

İyulun 9-da “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Qadınların sahibkarlıq fəaliyyətinin inkişafında medianın rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbir 22 iyul – Mili Mətbuat Gününə həsr olunub. Tədbirdə İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva qeyd edib ki, sahibkarlığın inkişafı və qadın sahibkarlarla bağlı tədbirlərin keçirilməsi gənc sahibkarların maarifləndirilməsində, onlara peşə təhsili verilməsində mühüm rol oynayır və təşkilatımız belə tədbirlərə dəstək göstərir. “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyi 11 min 830 gənc sahibkar xanımı həm peşəyönümlü sahəyə yönəldib, eyni zamanda, onları sahibkarlığa cəlb edib.

“Sahibkarlığın inkişafında sahibkar qadınların rolu böyükdür. Prezident İlham Əliyev və eləcə də dövlət nümayəndələri sahibkarlıq sahəsinə dəstək göstərirlər. Sahibkar qadınların inkişafı dövlətin sahibkarlığı dəstəkləməsi sayəsində mümkün olub”, – deyə Z.Ağayeva bildirib.

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib ki, “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin təşəbbüsü ilə sahibkar qadınlarla jurnalistlərin görüşünün əsas məqsədi həm media, həm də sahibkar qadınlar arasında qarşılıqlı dialoqun yaradılmasıdır. Tədbirdə öz fəaliyyət sahəsində uğur qazanan, tanınmış brendlər yaradan qadınlar iştirak edirlər. Bu gün onların sahibkarlıq fəaliyyətləri ilə bağlı təqdimatları olacaq: “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyi olaraq çalışırıq ki, jurnalistlərlə sahibkar qadınlar arasında mütəmadi olaraq dialoqlar yaradılsın və onların fəaliyyət istiqamətləri, əldə etdikləri uğurlar və yenilikləri mətbuatda geniş işıqlandırılsın”.

Azərbaycanda sahibkarlıqla məşğul olmaq istəyən xanımların sayının artdığını deyən F.Xələfova qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafı sahəsində münbit şərait yaradılıb. Bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Türk iş adamı Canan Göztəpə Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin genişlənməsində iş adamlarının qarşılıqlı əməkdaşlığının rolunu vurğulayıb.

Sonra sahibkar qadınların öz fəaliyyətləri ilə bağlı təqdimatları olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: