EventsMusiqiMədəniyyətTəqdimat

Qara Qarayevin “Qoyya” baletinin möhtəşəm premyerası

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin “Qoyya” baletinin premyerası baş tutmuşdur. Tamaşa dahi bəstəkar Q.Qarayevin 100 illik yubileyinə həsr olunmuşdu. Məlum olduğu kimi ötən il Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları Q.Qarayevin 100 illik yubileyinin təntənəli şəraitdə qeyd edilməsi ilə bağlı xüsusi sərəncam imzalamışdı. Sərəncama əsasən 2018-ci il ərzində adı və şöhrəti ölkəmizin hüdudlarından kənarda belə məşhur olan böyük sənətkarın yubileyi həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində geniş qeyd olunacaqdır.

Doğum günü fevralın 5-i – bu günə təsadüf edən bəstəkarımızın yubileyinə ilk töhfə isə “Qoyya” baletinin tamaşası oldu. Çox möhtəşəm keçən premyera tamaşasına hazırlıq işləri hələ teatr mövsümünün əvvəlindən başlamışdı. Beynəlmiləl yaradıcı heyətin (Estoniyanın Əməkdar artisti, Estoniya Dövlət mükafatı laureatı Vasili Medvedyev, baletmeysterin assistenti Çexiyalı xoreoqraf Stanislav Feço, musiqi rəhbəri və dirijoru Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, quruluşçu rəssam –  Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, dekoratorçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev) və balet truppamızın bir neçə aylıq gərgin əməyinin nəticəsi olan bu gözəl tamaşa bəstəkarın xatirəsinə ən böyük hədiyyələrdən biri oldu.

Anşlaqla baş tutan tamaşa həm Qara Qarayev sənətinin, həm də Opera və Balet Teatrının yaradıcı fəaliyyətinin əsl təntənəsinə çevrildi. Çoxlu sayda dövlət, mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar, bir sıra ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları və KİV nümayəndələri, nəhayət baletsevərlərin iştirakı ilə baş tutan tamaşa susmaq bilməyən alqışlarla müşayiət olunurdu. Rusiyadan olan istedadlı teatr rəssamı D.Çerbadjinin eskizləri əsasında hazırlanan rəngarəng dekorasiya və kostyumlar tamaşanı daha baxımlı etmişdi.

Avropanın bir sıra ölkələrindəki qabaqcıl teatrlarda müxtəlif balet tamaşalarına uğurlu quruluşlar verən Vasili Medvedyevin xoreoqrafiyası əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppası solistlərinin mükəmməl çıxışlarını tamaşaçılar heyranlıqla izlədilər.

Gənc dirijor Əyyub Quliyevin rəhbərliyi altında Teatrın simfonik orkestrinin parlaq çıxışı, istedadlı skripkaçı Rövşən Əmrahovun solo ifası, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbəri olduğu xor kollektivinin tamaşa boyu professional çıxışı da hər cür tərifə layiq idi.

Premyera tamaşasının əsl qəhrəmanları əlbəttə ki, bütün tamaşa ərzində səhnədə rəqs edən balet artistləri idi. Aparıcı solist Anar Mikayılov (Qoyya), Əməkdar artistlər Nigar İbrahimova (Koetana Alba) və Makar Ferştandt (İnkvizitor), balet artistlərinin Almaniyada keçirilən beynəlxalq müsabiqəsinin bürünc mükafatçısı Ayan Eyvazova (Kraliça) və truppanın digər artistlərinin qüsursuz çıxışları ən tələbkar tamaşaçılar və tamaşanı izləyən balet mütəxəssisləri tərəfindən razılıqla qarşılandı.

Beləliklə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının böyük sənətkarın xatirəsinə həsr etdiyi tamaşa çox böyük uğurla baş tutdu. Martın 3-də “Qoyya”nın ikinci tamaşası keçiriləcəkdir. Premyerada iştirak edə bilməyən bütün baletsevərləri növbəti tamaşaya dəvət edirik.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!