Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının və digər qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının Müraciətlərə baxılmasına nəzarət şöbəsinin müdir müavini Baxıt Amangeldinovna “ASAN xidmət” modeli haqqında müsbət təəssüratını bölüşüb və bu sahədə birgə layihələrin həyata keçirilməsinin zərurliyini qeyd edib.
Bundan əlavə qonaqlara Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət, startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib. Bununla bağlı Dövlət Agentliyinin Rəqəmsal texnologiyalar və innovasiyalar şöbəsi tərəfindən təqdimat edilib.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Nümayəndə heyəti Elektron Hökumətin İnkişafı Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.