EkologiyaIqtisadiyyatSağlamlıqSosialTurizmTəqdimat

QDF-in dəstəyi ilə Laçının tarixi “Bəylik Bağları”nın bərpası həyata keçirilir

Aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov tədbirdə çıxış edərək bildirib ki, “Bəylik Bağları” Laçın rayonunun zəngin irsinin mühüm tərkib hissələrindən biri hesab olunur. Tarixən bu məkan münbit torpaqları və müxtəlif meyvə ağacları ilə seçilərək regionun tanınmış bağçılıq ənənələrinin formalaşmasına töhfə verib. Bu ərazi həm yerli sakinlərin təsərrüfat həyatında, həm də ərazinin ekoloji tarazlığının qorunmasında xüsusi rol oynayıb.

“İşğal dövründə ciddi zərər görməsinə baxmayaraq, bu ərazi yenidən bərpa və yaşıllaşdırma işlərinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Laçın rayonunda keçirilən ağacəkmə aksiyası təkcə ekoloji təşəbbüs deyil, eyni zamanda doğma torpaqlarımızın dirçəlişinə verilən mühüm töhfədir”- deyə, M.Məmmədov qeyd edib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, layihənin başlıca məqsədi bu gözəl diyarı əvvəlkindən də abad və ekoloji cəhətdən dayanıqlı bir məkana çevirməkdir.

“Bu istiqamətdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı layihələr işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Biz də Qarabağ Dirçəliş Fondu olaraq Qarabağda ekoloji tarazlığın bərpasına yönəlmiş təşəbbüslərə böyük önəm veririk. Bu cür layihlər cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək həmrəylik və məsuliyyət hissini gücləndirir. Əminəm ki, birgə səylərimiz nəticəsində Laçın yaxın illərdə regionun ən gözəl və yaşıl guşələrindən birinə çevriləcək”- deyə, İdarə Heyətinin sədri vurğulayıb.

Keçirilən ağacəkmə aksiyasına görə təşkilatçılara təşəkkür edən yerli sakinlər, aksiyanın ərazilərin yaşıllaşdırılması və ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Çıxışlardan sonra ağacəkmə aksiyasına start verilib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə icra edilən bu layihə çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə artıq 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə ümumilikdə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!