Qlobal Ekoloji Fond Azərbaycanda təbii ehtiyatların və biomüxtəlifliyin qorunması sahəsində yeni layihəyə başlayır
Qlobal Ekoloji Fondun (GEF) şurası, FAO-nun Azərbaycan və Tacikistanda ümumilikdə 12,5 milyon ABŞ dolları dəyərində həyata keçirilən GEF layihələrini dəstəkləyəcəyinə dair qərar qəbul edib. Layihələrdən birinin məqsədi torpaqların deqradasiyasını azaltmaq, mühafizə olunan ərazilərdə biomüxtəlifliyi qorumaq, digər layihə isə dayanıqlı su idarəçiliyinə dəstək göstərməkdir.
FAO-nun Azərbaycandakı nümayəndəliyindən Frame.az-a bildirilib ki, layihələr, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM), xüsusilə də suyun dayanıqlı idarə olunmasına (DİM 6) və torpaq ekosisteminin mühafizəsinə (DİM 15) nail olmağa kömək edəcək.
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan nümayəndəliyinin (FAO) Qlobal Ekoloji Fond ilə sıx əməkdaşlığı mövcuddur və 2017-ci ildən bəri təbii ehtiyatların idarə edilməsi mövzusunda layihələr həyata keçirir. Bu səbəbdən, ölkə nümayəndəliyindən daha iki əlavə layihə təklifinin təsdiqlənməsi də tərəflər arasında qarşılıqlı etimadın bariz nümunəsidir”, deyə FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak bildirib.
“Tacikistanda Qlobal Ekoloji Fondun ölkələr arası su idarəçiliyinə verdiyi dəstək, FAO təcrübəsi ilə birlikdə iştirakçı ölkələr və bölgənin digər ölkələrinə inkişaf yolunda uzunmüddətli müsbət təsir göstərəcək”, – deyə FAO-nun Tacikistandakı nümayəndəsi Oleq Gucgeldiyev bildirib.
Torpaq sahələri karbon qazının böyük hissəsini özündə cəmləşdirir və biokimyəvi prosesləri, istixana qazlarının atmosferlə mübadiləsini tənzimləyərək karbon qazının balanslaşdırılmasında həlledici rol oynayır. Buna görə münbit torpaqlar və torpaqdan düzgün istifadə istixana qazı tullantılarının emal olunmasına faydalı təsir göstərir.
“Azərbaycanda Torpaq deqradasiyasının azaldılması” adlı layihə, torpağın deqradasiyasının neytrallaşdırılmasına dair milli hədəflərin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün milli səyləri dəstəkləməyi hədəfləyir və Abşeron yarımadasındakı dayanıqlı torpaq idarəçiliyi üzrə pilot layihələr həyata keçirərək, deqradasiya uğramış torpaqların bərpasına və inkişafına töhfə verir.
1-ci mərhələdə torpaqların deqradasiyasının neytrallaşdırılması üçün daha əlverişli mühitin hazırlanması, 2-ci mərhələdə ölkənin ən çox deqradasiyaya uğramış ərazisi olan Abşeron yarımadasının şoran və aşınmış ərazilərinin bərpası və nəhayət, yenidənqurma, monitorinq və qiymətləndirmə işləri nəzərdə tutulur.
Qlobal Ekoloji Fonddan dəstək alan daha bir FAO təşəbbüsü isə Azərbaycanın mühafizə olunan ərazilərinin idarə edilməsi, biomüxtəlifliyin qorunması və dayanıqlı şəkildə istifadəsinə yönəlib. Əlavə olaraq, bu təşəbbüs ətrafdakı istehsal sahələrinin daha dayanıqlı şəkildə idarə olunmasına yardım edəcək.
Təbii ehtiyatların idarə olunması, Hirkan və Şirvan Milli Parklarında təbii ehtiyatlar üzərində təzyiqləri azaltmaq üçün alternativ gəlir mənbələrini təmin etmələri və təbii ehtiyatların dayanıqlı şəkildə idarə olunması, biomüxtəlifliyin qorunması təlimlərində iştirak edən qadınlara xüsusi diqqət ayrılacaq.