“Qlobal İnfluenser Günü”nün ikinci hissəsi iki paralel panellərdə davam edib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi ilk beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində oktyabrın 27-də keçirilən “Qlobal İnfluenser Günü”nün ikinci hissəsi iki paralel panellərdə davam edib.
Frame.az xəbər verir ki, birinci paneldə influenser marketinqlə maraqlananlar “Google” təmsilçisi Nina Levçuk, kontent marketinq influenseri, “Forbes” jurnalının 10 top sosial media influenser siyahısında yer alan avstraliyalı Ceff Ballas, Olena Dobrenskaya (“Vouge”), Tuqra Şükürova (ADA) və Alper Çelenin çıxışlarını dinləyiblər.
Data marketinq üzrə ikinci paneldə isə “Booking.com”dan Vilyam İsburker, Ehsan Cahandarpur, eləcə də Aytul Ercil (“Vispera”), Aytəkin Əliyeva (“Facebook”) və Mövlan Paşayevin (PwC) təqdimatları ilə tanışlıq olub.
Tədbirin ikinci hissəsində dinləyicilər “Səyahət influenserləri”, “Dəb influenserləri”, “Kulinariya influenserləri”, “Startap və investorlar” panellərində maraqlı çıxışlar dinləyiblər.
Həsən Cabbarov (Paym.es), Ömer Gurkan (ETİB), Orxan İsayev (Dünya E-kommersiya Forumu), Aleks Sudadze iştirakçıları elektron ticarət və blokçeyn barədə məlumatlandırdıqdan sonra, Aleks Graudienslə Məryam Tağıyeva blokçeyn üzərində işləyən “Keepface 3.0” layihəsini təqdim ediblər.
“Qlobal İnfluenser Günü”nün həyəcanlı anlarından biri influenserlərin mükafatlandırma mərasimi olub. Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırılıb.
“Qlobal İnfluenser Günü” oktyabrın 28-də ADA Universitetində yerli və xarici mütəxəssislərin iştirakı ilə keçiriləcək praktiki məşğələlərlə işini başa vuracaq.
“Qlobal İnfluenser Günü” tədbirinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham), Azərbaycan Konqreslər Bürosu, ADA Universiteti, “CAMCA” və “CELA” şəbəkələri, “Leo Burnet”, “Mediamark”, “Canvas”, “Times Consulting”, “Cinema Plus”, “Marklab”, “Adzone”, “Alibayov Kommunikasiya və Konsaltinq”, “Air Group”, “Oxus”, “Sereda Travel”, “Azex” təşkilati dəstək göstərirlər.