Rabitəbank həssas əhali qruplarına təmənnasız dəstəyə davam edir
Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü proqramların hər zaman təşəbbüskarı və dəstəkçisi olan “Rabitəbank” ASC “Özünüməşğulluq” layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmağa davam edir.
Bank ötən yay daha bir neçə vətəndaşımızın şəxsi biznesini qurmaq arzusunu gerçəkləşdirib. Son bir ay ərzində “Rabitəbank” tərəfindən ölkəmizin Ağcabədi, Ağsu, Quba, Masallı, Şəki, Şirvan bölgələrində və paytaxtda yaşayan həssas əhali qruplarına mənsub olan sakinlərə öz kiçik bizneslərinin qurulmasına dəstək məqsədilə təmənnasız aktivlər təqdim olunub. Layihə çərçivəsində Qurbanova Tünzalə, Damadayev Ramil, Nəzərov Şahin və Əliyarov Bəxtiyara yerli cins damazlıq inəklər, qoyunlar və onların yem ehtiyatı, Hacıyeva Kəmalə və Nuriyev Gülzara qadın salonu paketi, İlyasov Bəhrama arıçılıq təsərrüfatının yaradılması üçün, Samirə Abuzərovaya dərzilik fəaliyyəti ilə məşğul olması üçün avadanlıqlar təqdim edilməklə öz ailə bizneslərinin formalaşdırılmasına kömək göstərildi.
Qeyd edək ki, bu təşəbbüs “Rabitəbank”la Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir. “Rabitəbank” ilin sonunadək ölkənin fərqli regionlarında,eləcə də paytaxtda aztəminatlı vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək. Bütün proqram iştirakçılarına gələcək işlərində uğurlar arzulayırıq!
“Rabitəbank”, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitabank Mobile” adlı mobil tətbiqi, İnternet Bankinq və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.