“Rebuild Karabakh – 2023” sərgisinin panel görüşlərində azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələr müzakirə olunub
Üçüncü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2023”) sərgisi çərçivəsində Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə iki panel görüşü keçirilib.
Qarabağ Dirçəliş Fondundan verilən məlumata görə, “İşğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuq” mövzusunda keçirilən panel görüşündə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, siyasi analitik Fərhad Məmmədov, Dünya Bankının sosial inkişaf üzrə aparıcı mütəxəssisi Erik Koldvel Conson (videoformatda çıxış) iştirak ediblər.
Görüş zamanı Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində həyata keçirilmiş və keçiriləcək layihələrin icmalı, Qarabağın dirçəlməsi – tarixi və siyasi əhəmiyyəti, insanların ağıllı kənd və ağıllı şəhər inkişafındakı tərəqqiçi rolunun əhəmiyyəti, bərpa və quruculuq prosesində həmrəylik və digər mövzularla bağlı təqdimatlar edilib və müzakirələr aparılıb.
“İşğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası” mövzusunda təşkil olunan növbəti panel görüşündə isə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov və “Ecohub”ın direktoru Tükəzban Hüseynova iştirak ediblər.
Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunması istiqamətində təhsil müəssisələrinin rolu, işğal dövründə dəymiş ekoloji zərərin aradan qaldırılması və Qarabağın yaşıl zonaya çevrilməsində dövlət – özəl sektor – vətəndaş cəmiyyəti əməkdaşlığı mövzularında çıxışlar olub və müzakirələr aparılıb.
Hər iki panel Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçirilib.
Qeyd edək ki, 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2023”) oktyabrın 19-da işə başlayıb. Sərgidə Qarabağ Dirçəliş Fondu artıq üçüncü dəfədir ki, iştirak edir.
“Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.
Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.