Regionlarda Formula 1 ilə əlaqədar çempionat keçiriləcək
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə birlikdə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula 1 (F1) çempionatı keçirəcək. Çempionat çərçivəsində, həmçinin yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunacaq.
Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında gənclər arasında F1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır.
Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Fizuli, Mingəçevir, Qax və Qubada olan yuxarı sinif şagirdləri iştirak edəcəklər.
Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək və həmin qaliblər Bakıda Novruz bayramı ərəfəsində baş tutacaq final mərhələsində yarışacaqlar.
Yarışın sonunda qalib ilə yanaşı final mərhələsinin digər iştirakçılarına da sertifikat və dəyərli hədiyyələr təqdim olunacaq.
Layihənin təqdimatı ilə əlaqədar bu gün Kristal Zalda keçirilən mətbuat konfransında çıxış edən BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sözügedən layihənin region ictimaiyyəti arasında F1-ə böyük həvəs yaradacağını bildirib: “Son illər ölkədə keçirilən Formula 1 yarışları ölkə ictimaiyyəti arasında bu idmana böyük maraq oyadıb. Yarışlar Bakıda keçirildiyindən paytaxt sakinləri F1-in gətirdiyi əyləncə və coşğunu daha çox yaşaya bilirlər.
Biz də bu layihə vasitəsi ilə çalışırıq ki, region ictimaiyyəti də Bakıda olan yarış həyəcanı və coşğusuna qoşula bilsin. İnanırıq ki, bu layihə region sakinlərini F1 ilə daha yaxından tanış edərək ölkə ictimaiyyəti arasında bu avtoidmana maraq göstərən azarkeşlərin sıralarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.
Azərbaycan Avtomobil Federasiyasından bildirilib ki, layihə çərçivəsində məktəblilərə yol hərəkətinin təhlükəsizliyinə dair seminarlar veriləcək: “AAF yol hərəkəti təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirmə işləri, o cümlədən məktəblilər arasında “Yol hərəkəti qaydalarını öyrənək” adlı seminarlar keçirir.
Regionlarda keçiriləcək bu seminarlarda məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat veriləcək. Həmçinin seminar iştirakçılarına müvafiq videoçarxlar təqdim olunacaq, nəşrlər paylanacaq.
İnanırıq ki, bu layihə region məktəblilərinin yol hərəkəti təhlükəsizliyi barəsində ətraflı şəkildə maariflənməsinə öz töhfəsini verəcək”.
Frame.az