Rikkardo Peresi F-1 Azərbaycan Qran-Prisinin əsl əfsanəsi adlandırıb
“Renault” komandasının pilotu Daniel Rikkardo jurnalistlərlə söhbətində F-1 Azərbaycan Qran-Prisinin ənənəvi olaraq ilin ən yaxşı yürüşlərindən biri olmasının səbəblərini izah edib.
Frame.az xəbər verir ki, pilotun sözlərinə görə, bunun səbəbi Bakı trasının unikallığı və onun yürüşçüləri səhvə məcbur edərək, onlarda mübarizə əzmini artırmasıdır. Rikkardo deyib: “Nə üçün Bakıda belə gərgin yürüşlər olur? Mən bunun səbəbini belə izah edərdim. Mənə elə gəlir ki, bu trass Formula 1 Makao kimidir. Bu, küçə trasıdır, bu səbəbdən biz divarlara yaxın yarışırıq, burada qoşulma aşağı, səhvə yol vermə şansı isə yuxarıdır. Sıxma gücü də azdır və yenə səhvə yol vermə ehtimalı yüksəkdir. Bundan başqa, uzun düz yol nəticəsində biz sürəti həddindən çox artırırıq, amma bununla yanaşı, burada yaxşı slipstrim alına bilər ki, bu da bir-birinə yaxın mübarizəyə səbəb olur. Burada döngələrin əksəriyyəti yetərincə yavaşdır, ona görə də əyləcə basma zamanı azacıq səhv böyük itkilərə səbəb ola bilər və sıx mübarizəyə mane olmaz. Bütün bunlara pilotların qanında adrenalinin həmişəkindən yüksək olmasını da əlavə etmək olar”.
Rikkardo onu da qeyd edib ki, Azərbaycan Qran-Prisində komandaların əksəriyyətinin podiuma qalxmaq şansı var. “Bu yürüşdə bütün komandaların podiuma qalxmaq şansı mövcuddur. Serxio Peresə baxın, onun başqalarından daha çox podiumu var. Əsl əfsanədir!”, -deyə pilot vurğulayıb.
Peres 2016-cı və 2018-ci illərdə Bakıda finişə üçüncü çatıb.