Rusiyada məşhurlaşan azərbaycanlı ifaçılar HammAli&Navai Bakıda konsert veriblər
Rusiyada məşhurlaşan azərbaycanlı ifaçılar HammAli (Aleksandr Əliyev) və Navai (Navai Bəkirov) Bakıda konsert veriblər.
“Sea Breeze”də keçirilən tədbir anşlaqla keçib. İfaçılar səhnəyə çıxaraq, “А если это любовь?” (“Əgər bu məhəbbətdirsə”) mahnısını oxuyublar.
Gecə boyunca tamaşaçılarla söhbətləriylə də yadda qalan sənətçiləri dinləyənlər arasında valideynləri də yer alıb. Bu haqda HammAli deyib. O vurğulayıb ki, həm öz, həm də Navainin anası onları izləmək üçün Bakıya gəliblər.
“Anam və atam, eləcə də Nəvainin anası hazırda buradadırlar. Onların hər biri bizi bu gecə dəstəkləmək üçün buraya gəlib. Sizi səhnədən salamlayıram. Analarımız nə qədər güclü olsalar da, onlar kiçik qızlardırlar. Həmin qızlar isə bizdən böyük kişilər ediblər. Biz onlara buna görə təşəkkür edirik. Valideynlərin dəyərini dərk edən hər bir insan son nəfəsinə qədər valideynlərinə təşəkkür edir” deyə, sənətçi bildirib.
Daha sonra HammAli və Navai “Ana” adlı mahnılarını səsləndiriblər.
Gecədə Xalq artisti Emin Ağalarov da səhnəyə çıxıb. “Aleksandr ilə Nəvainin təqdimata ehtiyacları yoxdur. Onlar qan və canla əsl azərbaycalıdırlar” deyə, Emin bildirib.
Daha sonra Emin, HammAli və Navai yeni duetlərini səsləndiriblər. Navainin repertuarında ana dilində yer alan “De, mənə gülüm” mahnısını oxuyub.