Şəhid Aqil Mirzəliyevin xatirəsinə həsr olunan onlayn şahmat turniri keçiriləcək

Fevralın 13-də Vətən müharibəsi şəhidi Aqil Mirzəliyevin xatirəsinə həsr ediləcək blits üzrə şahmat turniri keçiriləcək.

Frame.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Premier School Off Chess”in birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, Türkiyə təmsilçiləri də iştirak edəcəklər. Turnirinin baş hakimi Müşfiq Əsgərov olacaq. Yarış “Lichess.org” onlayn şahmat platformasında təşkil olunacaq.

Şəhid Aqil Mirzəliyev 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. 2005-ci ildə İsrail Həsənov adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə gedən A.Mirzəliyev respublika fənn olimpiadalarının, bilik və intellektual yarışlarının dəfələrlə qalib və mükafatçısı olub. O, 2016-cı ildə keçirilən qəbul imtahanında 613 bal yığaraq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına (dövlət sifarişli) qəbul olunub. Təhsil aldığı müddətdə ailəsinə kömək məqsədilə həm də gecə növbəsində işləyib. Universiteti 2020-ci ildə bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Aqil Mirzəliyev sentyabrın 27-də başlayan Vətən müharibəsində Kəlbəcər (Murovdağ), Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib.

Aqil Mirzəliyev oktyabrın 20-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: