Səfər Mehdiyev: Rəqabətədayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün yeni gömrük məcəlləsi hazırlanır
Oktyabrın 29-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib.
AHK-dən Frame.az-a bildirilib ki, tədbirin fəxri qonağı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” mövzusunda çıxış edib.
AHK Azərbaycanın İcraçı direktoru Tobias Baumann tədbirin açılış nitqini etdikdən sonra görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Sonra S.Mehdiyev Komitənin fəaliyyət istiqamətləri və dəyişkən qlobal iqtisadi mühit fonunda Gömrük Komitəsi tərəfindən şəffaflığın artırılması, kölgə iqtisadiyyatı və qaçaqmalçılıq ilə mübarizə və kadr potensialının gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına məlumat verib. Dövlət-özəl sektor əməkdaşlığı nəticəsində fiziki yoxlamaların həcminin əhəmiyyətli dərəcədə azaldılması və səmərəliliyin artırılması istiqamətində gömrük xidməti tərəfindən görülən işlərdən bəhs edib. Bununla yanaşı, sədr fiskal sahədə son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışıb.
Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri “Yaşıl dəhliz” sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 750 şirkət artıq “Yaşıl dəhliz” sisteminə qoşulub və onlar ümumi ixracın 30 faizinə yaxınını, idxalın isə 41 faizini təşkil edirlər.
Beynəlxalq əməkdaşlıqlara və xarici bizneslərin təkliflərinə xüsusi önəm verdiklərini qeyd edən S.Mehdiyev rəqabətədayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün yeni gömrük məcəlləsinin hazırlandığını və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib. Sədr vurğulayıb ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artıracaq.
Çıxışından sonra Komitə sədri AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib.
Tədbir koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla keçirilib.