“Şah Qacar” tamaşası növbəti dəfə səhnədə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası oktyabrın 8-də yenidən nümayiş ediləcək.
Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır.
Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan ikihissəli səhnə əsərində Əməkdar artist Abbas Qəhrəmanov (Ağa Məhəmməd şah Qacar), Xalq artisti Laləzar Mustafayeva (Ceyran xanım), Xalq artisti Sabir Məmmədov (Sadıq xan), aktyor Elnar Qarayev (Kərim xan Zənd), Əməkdar artistlər Anar Heybətov (Cəfərqulu xan), Aslan Şirin (Şeyx Cəfər Tonkabani), aktyor Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi) və digərləri çıxış edəcəklər.
Şah Qacarın sarayında baş verən kəskin hadisələr sonda xəyanət nəticəsində onun ölümü ilə başa çatır. Səhnə əsərində Qacarın uşaqlıq əzabları, anası və qardaşı ilə münasibətləri, qüdrətli dövlət qurmaq yolundan apardığı mübarizə məharətlə əks olunur.