Paytaxtda “İlin şansonu” mükafatı laureatlarının möhtəşəm konserti olacaq
Bəli, düzgün başa düşdünüz. Söhbət məhz təqribən 20 il əvvəl “Radio Şanson” tərəfindən təsis edilmiş ənənəvi “İlin şansonu” mükafatının laureatlarından gedir. Mayın 2-də Bakı Konqres Mərkəzinin səhnəsində böyük bayram olacaq!
“Radio Şanson” bakılıları və paytaxtın qonaqlarını “İlin şansonu” mükafatı laureatlarının böyük konsertinə – yaşamaq, sevmək və mütləq rəqs etmək, özü də təkcə cismən deyil, qəlbən də rəqs etmək istəyi ilə dolu heyrətamiz bayram şənliyinə dəvət edir. «Beat Group» şirkətinin dəstəyi ilə təşkil ediləcək bayram müəllif mahnısı pərəstişkarlarına əsl hədiyyə olacaq.
Son illərin ən təsirli kompozisiyaları, səmimi və romantik ab-hava bu gecəni unudulmaz edəcək. Bayrama öz ifaları ilə Mixail Bublik, Tamara Qverdtsiteli, İrina Kruq, Denis Maydanov, Aleksandr Marşal, Taisiya Povali, Alyona Petrovskaya rəng qatacaqlar. Özü də bu siyahı heç də tam deyil. Lakin təşkilat komitəsi qarşıdan gələn bayramın bütün sürprizlərini qəsdən açıqlamır.
“Radio Şanson”un mətbuat xidmətinin yaydığı xəbərə görə, Rusiyanın çox populyar radiostansiyası bu cür vüsətli konserti ilk dəfədir təşkil edir.
“Radio Şanson” Azərbaycana deyir: “Biz 20-ci ilimizdə dinləyicilərimizin ən sevimli mahnılarını günəşli Azərbaycanın sakinləri ilə bölüşmək qərarına gəldik. İldə bir dəfə bizim janrın ən yaxşı ifaçılarını mükafatlandırırıq və indi onları sizinlə tanış etmək vaxtı çatıb. Əminik ki, bütün bu mahnılar Azərbaycan dinləyicilərinin qəlbində əks-səda tapacaq, axı yaxşı musiqi həmişə qəlbdən gəlir. “Radio Şanson” hamını bu möhtəşəm bayrama qoşulmağa dəvət edir”.
Qeyd edək ki, “İlin şansonu” mükafatı hər il müəllif musiqisi sahəsində xüsusi nailiyyətlərə görə təqdim edilir. Burada ilin ən yaxşı artistlərini və ən yaxşı mahnılarını ulduzlardan ibarət münsiflər heyəti deyil, radiodinləyicilərin özləri elan edirlər. Hər il bu ən təsirli janrın pərəstişkarları “Radio Şanson”da təşkil edilən xalq səsverməsi gedişində öz səslərini sevdikləri ifaçılara və mahnılara verirlər. “İlin şansonu” mükafatının ilk təqdimetmə mərasimi 2002-ci ildə Dövlət Kreml Sarayının səhnəsində təşkil edilib. O vaxtdan bəri Kremlin konsert zalı ənənəvi mərasimin keçirildiyi rəsmi məkana çevrilib.