Sentyabrın 15-i ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə Bakıda və ölkəmizin regionlarında film nümayişi işinin təşkili və inkişaf etdirilməsinə həsr olunmuş müşavirə keçirilib.
Nazirlikdən bildirilib ki, müşavirədə qurumun struktur bölmə rəhbərləri, kino sahəsində çalışan mütəxəssislər və ictimai təşkilatların rəhbərləri, regional mədəniyyət və turizm idarələrinin müvafiq sahə üzrə əməkdaşları iştirak edib.
Tədbirdə Ədalət Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, gələn il Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq: “Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. XX əsrdə Azərbaycan kinosu yüksək səviyyədə inkişaf etdi. SSRİ-nin kino sənayesində Azərbaycan kinematoqrafçıları da xüsusi yer tuturdular. Filmlərimiz həmin dövrün ali mükafatlarına layiq görülürdü. İndi də həmin filmləri sevə-sevə izləyirik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra məlum səbəblərdən kino sənayesi tənəzzül dövrü yaşadı. Amma qısa zamanda bu çətinliklər də aradan qaldırıldı. Mədəniyyətin digər sahələri kimi kino sənayemiz də inkişaf etməyə başladı”.
Ədalət Vəliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, son 10 ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib. Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib, ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu gün Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir.
Görülən işləri yüksək qiymətləndirən nazir müavini bununla yanaşı, regionlarda film nümayişinin çox aşağı səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən əmr imzalanıb: “Bundan sonra hər il sentyabr ayının 15-i ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq. Bu tarixdən başlayaraq regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, eyni zamanda, film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində ekran əsərləri nümayiş etdiriləcək. Bununla da Bakıda və regionlarda milli filmlərin nümayişi müntəzəm olaraq həyata keçiriləcək”.
Ə.Vəliyev bildirib ki, regionlarda filmlərin nümayiş etdirilməsi prosesində Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da yaxından iştirak edəcək. Nazirlik tərəfindən təmin ediləcək filmlər ilk mərhələdə pulsuz nümayiş olunacaq. Gələcəkdə milli filmlərlə yanaşı, xaricdə istehsal olunan ekran əsərlərinin də nümayişi nəzərdə tutulur.
Nazir müavini kino mövsümünün açılışına az müddət qaldığını diqqətə çatdıraraq hazırlıq işlərinin sürətləndirilməsi və qarşıya çıxan çətinliklərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verib.
Frame.az